29 sentyabr – 02 oktyabr 2025-ci il tarixlərində PAŞA Kapital, şirkətin İdarə Heyətinin sədri Ceyhun Hacıyevin iştirakı ilə “SIBOS 2025” Beynəlxalq Konfransında təmsil olunub.
FED.az xəbər verir ki, ötən il olduğu kimi PAŞA Kapital bu il də, qlobal maliyyə institutlarının aparıcı görüş platformasında ölkəmizin yerli kapital bazarlarının yeganə nümayəndəsi olaraq iştirak edib.
SWIFT tərəfindən 50 ilə yaxındır ki, təşkil olunan “SIBOS 2025” minlərlə biznes liderini və fintex sahəsi üzrə ekspertləri bir araya gətirərək qlobal maliyyə ekosistemində strateji trendlərin, qiymətli kağızlar, likvidlik və ticarət əməliyyatları üzrə yeniliklərin müzakirə olunduğu aparıcı platforma hesab olunur.
“SIBOS 2025” konfransının builki proqramı “The Next Frontiers of Global Finance” (Qlobal Maliyyənin Gələcək İstiqamətləri) mövzusu ətrafında qurulub və 500 nəfərə yaxın ekspertin qatıldığı 250-dən çox sessiyanı əhatə edib.
PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev iştirakın əhəmiyyətini belə izah edib: “Bu il Frankfurtda baş tutan “SIBOS 2025” konfransı bizə beynəlxalq maliyyə trendlərini canlı izləmək, innovativ texnoloji həllərin investisiya potensialını dəyərləndirmək və BNY Mellon, RBI International, ODDO BHF, Bank of China, LBBW, Mashreq, Intesa Sanpaolo kimi aparıcı qlobal maliyyə institutları ilə strateji əlaqələr qurmaq imkanı təqdim edir”.
Eyni zamanda o, “PAŞA Kapital olaraq bu konfransda iştirakımız ölkəmizin kapital bazarlarının beynəlxalq səviyyədə tanınmasına və maliyyə ekosisteminin yeni imkanlarla zənginləşməsinə töhfə vermək baxımından mühüm rol oynayır”, deyə əlavə edib.
“PAŞA Kapital”-ın xidmət və məhsulları barədə daha ətraflı məlumat üçün https://www.pashacapital.az/ rəsmi saytına daxil ola və ya 1548 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.