28 May – Müstəqillik Günü münasibətilə PAŞA Kapital İnvestisiya Şirkətinin əməkdaşları Quba rayonunun Xınalıq kəndindən başlayaraq, 2783 metr yüksəklikdə yerləşən “Xarıbülbül zirvəsi”nə yürüş ediblər.
FED.az xəbər verir ki, yürüşün əsas məqsədi, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, Şərqin ilk müstəqil dövləti olmağın qürurunu 3 rəngli şanlı bayrağımızı 2783 metr yüksəklikdə dalğalandıraraq yaşamaq, milli kimliyimizə və tariximizə bağlılığımızı ifadə etmək olub.
Çətin relyef və dəyişkən hava şəraitinə baxmayaraq, PAŞA Kapital əməkdaşları yüksək iradə və qətiyyət nümayiş etdirərək zirvəyə qalxıblar. Zirvədə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının üçrəngli bayrağı ucaldılıb.
Qeyd edək ki, zirvə simvolik olaraq “Xarıbülbül zirvəsi” adlandırılıb, II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına canını fəda etmiş 2783 şəhidimizin əziz xatirəsinə həsr edilib.
PAŞA Kapital İnvestisiya Şirkəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.