ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) faiz dərəcələrini 0.25% artırma qərarından sonra dollar indeksi (DXY) günü enişlə tamamlayıb.
Qeyd edək ki, dünən keçirilən toplantıda FED ehtimal edildiyi kimi, uçot faiz dərəcəsini 22 ilin ən yüksək səviyyəsi olan 5.25 - 5.50% aralığına qaldırdı.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FOMC-nin qərarında vurğulanıb ki, Komitə gələcək monetar siyasətini müəyyənləşdirərkən əlavə iqtisadi məlumatları və onların pul-kredit siyasətinə təsirlərini qiymətləndirməyə davam edəcək.
FED sədri Jerom Pavel mətbuat konfransında, - "İqtisadi şərtlər tələb edərsə, sentyabr ayında yenidən faiz artırmağın mümkün olduğunu söyləyə bilərəm. Faiz dərəcələrinin sabit saxlanmasını da istisna edə bilmərəm. Diqqətlə qərar verəcəyik." - ifadələrini işlədib.
İnflyasiyanın yenidən 2%ə endirilməsi prosesində çox uzun bir yol olduğuna diqqət çəkən Pavel, 2025-ci ilə qədər 2%-lik hədəf inflyasiyaya çata biləcəklərini ifadə edib.
Analitiklər hesab edirlər ki, Pavelin "məlumatlara bağlı" qalmağa vurğu etməsi investorları FED-in növbəti addımı ilə bağlı qərarsız qoyub.
Bu qərarsızlıq fonunda DXY yenidən 100 bənd dəstəyinə geri qayıdıb.
Bugün açıqlananacaq Avropa Mərkəzi Bankının faiz qərarı, AMB sədri Kristin Laqardın çıxışı, Amerikada ÜDM-in həcmi kimi çox önəmli iqtisadi göstəricilər dollar indeksində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Qeyd edək ki, hazırda 100.86 bənd səviyyəsində qərarlaşan DXY-da “ayılar” qiyməti 100 bənd səviyyəsindəki psixoloji dəstək həddinin altına qaytara bilsələr, dollarda eniş tendensiyası dərinləşə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.