İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydası dəyişir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətli kağızlar bazarı haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna səasən, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən (bu Qanunun 6.3.1-ci və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi istisna olmaqla) dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilmir.
Layihəyə əsasən, həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla, bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilməyəcək.
Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınacaq və həmin səhmlər yerləşdirilmiş hesab ediləcək.