Avqustun 6-dan 7-ə keçən gecə ABŞ-ın İrana qarşı sanksiyaları bərpa olunacaq. FED.az xəbər verir ki, prezident Donald Tramp bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, keçmiş prezident Barak Obamanın İranla nüvə müqaviləsinin nəticəsi olaraq 2015-ci ildə ləğv etdiyi sanksiyalar 2 mərhələ ilə yenidən qüvvəyə minəcək.
Sanksiyaların ilk paketi bu gecə tətbiq ediləcək. Belə ki, İran hökumətinə dollar əskinasları alıb-satmaq qadağan edilir, eləcə də İranın qızıl və qiymətli daşlarının ticarəti dayandırılır. Eyni zamanda İran xalçalarının və ərzaqlarının ixracına qadağa qoyulur, İranın özünün isə sərnişin təyyarələri alması qadağan edilir.
Sanksiyaların noyabrın 5-də qüvvəyə minəcək ikinci mərhələsi isə İran neftinin satışına, energetika və maliyyə şirkətlərinə qadağanın bərpa edilməsini nəzərdə tutur.
Rəsmi Vaşinqton əmindir ki, yeni sanksiyalar İrana qarşı görünməmiş təzyiq yaradacaq. Amma artıq Avropa Birliyi İrana arşı sanksiyalara qoşulmayacağını əksinə, bu sanksiyaları bloklayacağını bildirib.