Qlobal iqtisadiyyatda müşahidə olunan yüksələn inflyasiya, zəifləyən makroiqtisadi göstəricilər fonunda investorların da dünya birjalarında mövqe seçməsi çətinləşir. Lakin FED-in monetar siyasətdə izlədiyi daha qətiyyətli və sərt yol xəritəsi dolların öz aktuallığını qorumasına səbəb olur. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD məzənnəsi 1.0380, GBP/USD cütlüyü isə 1.2000 hədlərinə qədər ucuzlaşa bilər.
Bu gün Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin Almaniya, İngiltərə və Amerikada dərc olunacaq biznes aktivliyi göstəriciləri investorların diqqət mərkəzində olacaqdır.
Mərkəzi bankların qlobal iqtisadiyyatda uzunmüddətli inflyasiya şoku xəbərdarlığı ilə yüksələn faiz dərəcələri fonunda investorların artan resessiya qorxuları səbəbilə qızıl artıcıl üçüncü ayı da enişlə tamamladı. Təhlillərə əsasən 1800$-ın altına düşsə, qızılın bir unsiya üzrə dəyəri 1780$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.