Amerikada inflyasiya göstəriciləri açıqlanacaq
Bayram səbəbiylə qısa keçən bir həftədən sonra investorlar önümüzdəki həftənin ən əhəmiyyətli gündəm maddəsi olan inflyasiya hesabatını yaxından təqib edəcəklər. Keçən həftə isə əmək bazarı yavaşlamanın yeni əlamətlərini göstərdi.
İyun ayında Qeyri-kənd təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin sayı ötən ay ilə müqayisədə bir qədər az, 206 min iş yeri artdı. Bundan əlavə, ABŞ-da işsizlik səviyyəsi 4%-dən 4.1%-ə qədər yüksələrək Federal Ehtiyatlar Sisteminin bu il üçün proqnozlaşdırdığı 4%-i keçib.
Həm bazarları, həm də FED rəsmilərini narahat edən inflyasiya təzyiqləri də azalma əlamətləri göstərə bilər. Analitiklər buna əsas olaraq, ötən həftə İSM-nin inflyasiya meyllərinin xəbərçisi ola biləcək mal və xidmətlərə görə ödənilən qiymətlər indeksinin pandemiyanın bitməsindən bəri ən aşağı səviyyədə açıqlanmasını qeyd edirlər.
Əlavə olaraq, əmək haqqı hesabatından illik əmək haqqı artımları 3.9%-lik göstərici ilə, may ayındaki 4.1%-dən aşağı düşüb və bu, pandemiyadan bəri ən aşağı artım templərindən biri olub.
Amerika Maliyyə naziri Canet Yellen və Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavel çərşənbə axşamı və çərşənbə günü müvafiq olaraq Senatda və Nümayəndələr Palatasında hesabat verəcəklər. Sessiyalarda əsasən diqqət pul-kredit siyasətinə yönəlsə də, analitiklər tənzimləmə məsələləri ilə bağlı bəzi sualların da eşitilməsini gözlədiklərini bildirirlər.
ABŞ-da inflyasiya göstəriciləri
ABŞ-da iyun inflyasiya hesabatı cümə axşamı, iyulun 11-də açıqlanacaq. “Wall Street” proqnozları İstehlak Qiymətləri İndeksində aylıq 0.1% və illik 3.1%-lik dəyişikliklərin olacağı yönündədir. Baza inflyasiyanın (Core CPİ) isə 0.2% artması ehtimal edilir.
“Bank of America”-nın həm manşet, həm də baza inflyasiya ilə bağlı ehtimalları “Wall Street”-in proqnozları ilə üst-üstə düşür, lakin illik inflyasiyanın 3.2% olacağı ehtimal edilir.
Bununla belə, düşünürük ki, Core CPI üçün aylıq 0.2% artım, xüsusilə fəaliyyətdə yumşalma əlamətləri nəzərə alınmaqla, ehtimalları daha erkən faiz endiriminə yönəldəcək.
CPI hesabatına əlavə olaraq, investorlar cari həftə ərzində ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, İstehsal Qiymətləri İndeksi (PPİ), Almaniyada İstehlak Qiymətləri İndeksi göstəricilərini, Böyük Britaniyada ÜDM hesabatını və Yeni Zellandiya Mərkəzi Bankının faiz qərarını da yaxından izləyəcəklər.
Prezident Bayden
Prezident Co Bayden 2024-cü ildə mümkün təkrar seçki kampaniyası ilə bağlı öz partiyası daxilində artan şübhə ilə üzləşib. Onun bu məsələlərə toxunacağı gözlənilən son müsahibəsindən sonra da narahatlıqları aradan qaldırmaq mümkün olmayıb.
Demokratların narahatlığını daha da gücləndirən iki millətvəkili, İllinoys ştatından olan Mayk Quiqli və Minnesotadan olan Engi Kreyq Baydeni yenidən prezidentliyə namizəd olmaq niyyətini bir daha nəzərdən keçirməyə çağırıb.
Quiqli və Kreyqin Baydenin kənara çəkilməsinə çağırışları, partiyasının üzvü statusu nəzərə alınmaqla diqqətəlayiq bir məqam kimi görünür. Onların bəyanatları Demokrat millətvəkilləri, strateqlər və donorlar arasında yavaş-yavaş üzə çıxmağa başlayan daha böyük şübhə hissini artırır.
Demokrat Partiyası daxilində artan müxalif mövqelər qarşıdan gələn seçki yarışında şanslarını gücləndirə biləcək alternativ strategiyalar və ya namizədlər axtarışına işarə edir. Bu isə öz növbəsində, seçki öncəsi qeyri-müəyyənliklərin dollar üzərində təzyiqləri artırmasına səbəbə ola bilər.
EUR
Ötən həftə Amerikada həm zəif açıqlanan əmək bazarı göstəriciləri, həm də hakim partiya daxilindəki seçki öncəsi artan gərginlik fonunda dollar bütün major valyutalarda olduğu kimi, avro qarşısında da kəskin ucuzlaşdı.
Cari həftənin cümə axşamı günü isə Almaniyada İstehlak Qiymətləri İndeksi məlumatları açıqlanacaq və iqtisadçılar həm aylıq, həm də illik inflyasiyada dəyişikliyin olmayacığını proqnozlaşdırırlar.
Ötən həftəyə 1.0740 səviyyəsində start verən EURUSD məzənnəsi 1.0710 həddini test etsə də, buradan dəstək alaraq bahalaşdı və həftəlik şamını 1.0840 həddində bağladı.
“Buğallar” qiyməti 1.08$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftəyə 1.2650 səviyyəsində başlayan GBPUSD məzənnəsi dolların ucuzlaşması fonunda kəskin bahalaşdı və həftəlik şamını 1.2810 səviyyəsində tamamladı.
Analitiklər ehtimal edirlər ki, qiymət 1.28$ səviyyəsinin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər.
OİLUK
Rusiya ilə Qərb arasında təhdid ritorikasının və Fələstin-İsrail qarşıdurmasının səngiməməsi fonunda neft qiymətlərində artım tendensiyası davam edir. Həftəyə 85.90$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) 88.60$-a kimi bahalaşdı. Lakin, burada müqavimətlə qarşılaşaraq bir qədər ucuzlaşdı və həftəni 87.50$-da başa vurdu. “Buğalar” qiyməti 87$-ın üzərində saxladığı müddətcə, artım tendensiyası davam edə bilər. Əhəmiyyətli müqavimət həddi kimi 90$ səviyyəsi çıxış edir.
XAUUSD
Ötən həftəyə 2326$ səviyyəsindən başlayan və “güvənli liman missiyası”-nı davam etdirən qızıl 2393$-a kimi bahalaşdı.
Həftəlik şamını 2391$ həddində tamamlayan “sarı metal”-da “Buğalar” qiyməti 2400$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, yeni maksimumlar müşahidə oluna bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
___________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.