Azərbaycanın aparıcı investisiya qurumlarından olan «İnvest-Az» İnvestisiya Şirkəti» QSC 2023-cü ili artan gəlirlər və xalis mənfəətlə başa vurub.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə «İnvest-Az»ın ümumi gəlirləri 12 milyon 746 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2,5 dəfə artıqdır.
Gəlirlərin bütün növlərində artım var
Ötən il şirkətin marja ticarətindən gəlirləri 2,6 dəfə artaraq 12 milyon 88 min manata yüksəlib. Broket xidmətlərinə görə komissiya gəlirləri 577 min manati olub ki, bu da 2,4 dəfə artım deməkdir.
2023-cü ildə «İnvest-Az»ın təhsil xidmətləri üzrə gəlirləri 2 dəfədən çox artaraq 66 min manatı keçib.
Şirkət böyüyüb, fəaliyyətini genişləndirib
Ötən il «İnvest-Az»ın böyüməsi və fəaliyyətini genişləndirməsi özünü şirkətin xərclərində də göstərib. 2023-cü ildə şirkətin haqq və komissiya xərcəri 2 dəfə artaraq 564 min manat olub, inzibati xərclər isə 2,4 dəfə artaraq 8,34 milyon manata yüksəlib. Faiz xərcləri isə 939 min manat təşkil edib.
Əməliyyat mənfəəti 4 dəfə artıb
Nəticədə 2023-cü ildə «İnvest-Az»ın əməliyyat mənfəəti 2,9 milyon manat olub, məzənnə fərqi və digər gəlirləri də nəzərə alanda vergidən əvvəlki mənfəət 3 milyon manatı keçib.
Müqayisə üçün bildirək ki, 2022-ci ildə «İnvest-Az»ın əməliyyat mənfəəti 852 min manat, vergidən əvvəlki mənfəət 2 milyon maenat olmuşdu.
652 min manatlıq mənfəət vergisi ödənişindən sonra «İnvest-Az» 2023-cü ili 2 milyon 392 min manat xalis mənfəətlə tamamlayıb. 2022-ci ildə bu rəqəm 1,6 milyon manat idi.
Aktivləri 34 milyon manatı keçdi
2023-cü ildə «İnvest-Az»ın aktivləri 6,8 milyon manat və ya 25% artaraq 27 milyon manatdan 34 milyon manata yüksəlib. Öhdəlikləri isə təxminən 4 milyon manat artaraq 27,4 milyon manat olub.
Ötən ilin nəticələrinə əsasən «İnvest-Az»ın cəmi kapitalı 2 milyon manat artaraq 4,7 milyon manatdan 6,7 milyon manata yüksəlib. Bundan 3 milyon manat nizamnamə kapitalı, 3,7 milyon manat isə bölüşdürülməmiş mənfəətdir.