Dünya birjalarında gümüşün qiyməti rekord vuraraq tarixdə ilk dəfə 1 unsiya üçün 65 dollara çatıb.
FED.az xəbər verir ki, dekabran 12-də, həftənin son ticarət günü keçirilən hərraclarda gümüşün 1 unsiyasının qiyməti 65 dollara yüksəlib, sonradan qiymətlər bir qədər sabitləşərək 62 dollara enib.
Ümumilikdə ilin əvvəlindən indiyədək gümüşün qiymətində 110 faiz və ya 2,1 dəfə artım var. Başqa sözlə, ilin əvvəlindən indiyədək gümüşün qiymətində 33 dollara yaxın artım olub.
Ümumilikdə son 20 ilin qiymətlərinə baxanda, gümüşün qiyməti 20 il əvvəl 8,3 dollar, 5 il əvvəl 23 dollar, 1 il əvvəl 29,5 dollar, 1 ay əvvəl isə 51,6 dollar olmuşdu.
Gümüşün qiyməti qızılın qiymətinə uybun olaraq, tələbatın yüksək olması fonunda yüksəlir.
Budəfəki qiymət artımının səbəbi ABŞ Fereral Rezerv Sisteminin faiz dərəcəsini 0,25 azaldaraq 3,5-3,75%-ə endirməsi ilə bağlıdır. Bir qayda olaraq FRS-in faiz dərəcələrinin aşağı salması qiymətli metalların bahalaşmasına səbəb olur.
Gümüşün bahalaşması həm ənənəvi olaraq qızılın qiymətinin artımı, həm də onun sənayedə daha çox istifadə olunması ilə bağlıdır.
Ekspertlərin fikrincə, 2026-cı ildə də gümüşün bahalaşması davam edəcək və qiymətlər 68-72 dollara yüksələcək. Bəzi ekspertlər qiymətin 100 dollara çatacağını da istisna etmirlər, amma bu ehtimal çox aşağıdır.











