Amerikanın «Goldman Sachs» investisiya bankı, qarşıdakı 10 ildə ABŞ şirkətlərinin səhmlərinin qiymət artımının qlobal bazarlardan geri qalacağını proqnozlaşdırır. Strateqlər investorlara investisiyalarını ABŞ-dan kənarda inkişaf etməkdə olan bazarlara şaxələndirməyi tövsiyə edir.
FED.az xəbər verir ki, «Goldman Sachs»ın Qlobal Səhm Strateqi Peter Oppenheimer və onun komandası ABŞ səhmlərinin növbəti 10 il ərzində zəif qalacağını proqnozlaşdırır.
Wall Street-in bu il aşağı performans göstərəcəyini dəqiq proqnozlaşdıran Oppenheimer, indi «S&P 500»ün növbəti 10 il ərzində illik ortalama 6,5 faiz gəlir gətirəcəyini proqnozlaşdırır. Bu, bütün regionlar arasında ən aşağı proqnozdur. İnkişaf etməkdə olan bazarların gəlirinin isə illik orta hesbala 10,9 faiz olacağı gözlənilir.
Bu proqnozu əsas tutan Oppenheimer və komandası da investorlara investisiyalarını diversifikasiya etməyi tövsiyə edir.
Məsələ bundadır ki, bu il ABŞ səhmləri kifayət qədər artıb. Texnologiyaların inkişafı, xüsusilə süni intellektin təsiri sayəsində son on ildə davamlı olaraq dünyadakı rəqiblərini üstələyən S&P 500, 2025-də də sürətli artıma nail olub. ABŞ istisna olmaqla qlobal MSCI indeksi 27 faiz, S&P 500 isə 16 faiz artıb.
Oppenheimer və komandası investorlara başqa ölkələrin səhmlərini də almağı tövsiyə edirlər:
"ABŞ-dan kənarda inkişaf etməkdə olan bazarlara diqqət yetirin və investisiyalarınızı şaxələndirin. Biz gözləyirik ki, inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımlar, səhm bazarını da artıracaq. Süni intellektin uzunmüddətli faydaları təkcə ABŞ-la məhdudlaşmayacaq, əksinə bütün dünyaya yayılacaq».
Strateqlər güman edirlər ki, qarşıdakı illərdə Çin və Hindistan səhmləri də güclü qazanc artımı göstərəcəklər. MPəsələ bundadır ki, Asiya qitəsi - Yaponiya istisna olmaqla - illik 10,3 faiz gəlirlə ikinci ən yaxşı performans göstərən bazardır. Yaponiya səhmlərinın 8,2 faiz, Avropa səhmlərinin isə investorlara illik 7,1 faiz gəlir gətirəcəyi gözlənilir.













