Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi kommersiya banklarından 20,601 mln. nağd avro alıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni ayları ilə müqayisədə 22,8% azdır. Təkcə fevral ayına gəldikdə, ötən ay əhali 9,030 mln. nağd avro alıb ki, bu da yanvar ayı ilə müqayisədə 22%, ötən ilin eyni ayı ilə müqayisədə 44% azdır.
Bundan əlavə, 2022-ci ilin ilk iki ayında Azərbaycandakı banklara əhali tərəfindən 12,032 mln avro satılıb ki, bu da illik müqayisədə 34,9% çoxdur. Təkcə fevralda banklara satılan avro kütləsinin həcmi isə 5,320 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 20,7% az olsa da, illik ifadədə isə 7,4% çoxdur (APA).