İrandakı müharibə və regionda yaranan vəziyyət Dubayın məşhur qızıl bazarına da təsir edib. İran əməliyyatı səbəbindən qızılı böyük endirimlərlə satmağa başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı «Bloomberg»ə istinadən xəbər verir ki, İrana qarşı əməliyyat səbəbindən Dubaydan qızılın ixracı çətinləşib və qızıl satıcıları vəziyyətdən çıxmaq üçün qızılı Dubayda böyük endirimlərlə satmağa başlayıblar.
Xatırladaq ki, son illərdə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə də qiymətli metalların ticarəti üçün əsas mərkəzə çevrilib. BƏƏ dünyanın ikinci ən böyük qızıl ixracatçısıdır. 2024-cü ildə ölkə 100 milyard dollardan çox dəyərində 1392 ton metal idxal edib.
Dubaydan qızıl adətən sərnişin təyyarələrinin yük bölmələrində daşınır. Lakin, 28 fevraldan bəri Dubaya gələn və gedən bir çox uçuşlar ləğv edilib. Nəticədə qızıl ixracı çətinləşdiyindən, bir çox alıcılar əvvəllər verilmiş sifarişləri ləğv edir və hətta aldıqları qızılları elə Dubayda endirimlə satırlar.
London Qiymətli Metallar Bazarı Assosiasiyasının (LBMA) 5 mart tarixinə məlumatına görə, qiyməti 5100 dollar 1 unsiya qızılı Dubayda 30 dollar endirimlə satmağa başlayıblar.
Treyderlər bu üsulla Yaxın Şərqdəki münaqişə səbəbindən Dubayda «ilişib qalan» qızıllardan yaxa qurtarmaq istəyirlər. Məsələ bundadır ki, buradakı qızılın alıcıları yüksək çatdırılma xərcləri səbəbindən sifarişləri dayandırıblar və indi qızıl satıcıları həmin külçələrin saxlanması üçün pul ödəməli olurlar.
Bloomberg agentliyinin məlumatına görə, bir çox qızıl alıcısı son dərəcə yüksək çatdırılma və sığorta xərcləri səbəbindən sifarişlərini dayandırıb və sürətli çatdırılma zəmanəti yoxdur. Nəticədə, sonsuz saxlama və maliyyələşdirmə xərclərindən qaçınmaq üçün treyderlər qızılı Londonda müəyyən edilən qlobal etalonla müqayisədə unsiyası üçün 30 dollara qədər endirimlə satmağa başlayıblar.
Doğrudur, qızılı daşımaq üçün quru yollar var, amma treyderlər bu üsula etibar etmirlər.
Xatırladaq ki, Dubay Asiyadakı alıcılar üçün mühüm qızıl emalı və ixrac mərkəzi, eləcə də İsveçrə, Böyük Britaniya və bir neçə Afrika ölkəsi üçün təchizat zənciri rolunu oynayır. İndi isə ABŞ və İsrailin əməliyyatı fonunda başlayan İran müharibəsi səbəbindən ölkənin hava məkanı qismən bağlıdır.












