Maliyyə Nazirliyinin 3 illik dövlət istiqrazlarının hamısını yerləşdirmək mümkün olmayıb.
FED.az xəbər verir ki, avqustun 18-də Bakı Fond Birjasında (BFB) keçirilən hərracda Maliyyə Nazirliyinin 20 milyon manat həcmində, 1092 gün (3 illik) ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 90.3179 manat (13.0000%) və 101.0382 manat (8.6000%) olan 17 sifariş təqdim edilmişdir.
Amma sifarişlərin heç də hamısı nazirliyi qane etməyib. Məsələ bundadır ki, hələ hərracın elanında nazirlik bəyan etmişdi ki, istiqrazlar üzrə illik gəlirlik 9%-dən artıq olmayacaq. Hərracda isə investorların böyük hissəsi daha yüksək gəlirlik əldə etmək istəyib. Nazirlik bu sifarişlərdə razılaşmadığına görə, istiqrazların bir hissəsi yerləşdirilməyib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.000 manat (9.0000%), orta ölçülmüş qiyməti 100.6942 manat (8.7320%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,8 milyon manat, yerləşdirilmiş həcmi isə 18,97 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 15 avqust 2023-cü ildir. Hərrac iştirakçıları 19 avqust 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.