Noyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, hərracda 2 illik müddətə buraxılan 100 milyon manatlıq istiqraz satılacaq. Maliyyə Nazirliyi bu istiqrazları illik 6,85% gəlirliklə yerləşdirmək istədiyini açıqlayıb. Amma bununla bağlı son vəziyyət sifarişlərin həcmi və təklif edilən şərtlərdən asılı olacaq.
Məsələ bundadır ki, bir neçə gün əvvəl Maliyyə Nazirliyinin 3 illik istiqrazlarını tam yerləşdirmək mümkün olmamışdı (15 milyon manatlıq istiqrazın cəmi 8 milyon manatlıq hissəsi satılmışdı). Səbəbi – istiqrazların gəlirliyi ilə bağlı nazirlik və investorların fikirlərinin fərqlənməsi idi.
Şərtlər sərfəli olsa, qanuna əsasən Maliyyə Nazirliyi emissiya həcmini 50%-ə qədər, yəni daha 50 milyon manatadək artıra bilər.
Elana əsasən, Sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
İstiqrazların buraxılış parametrləri aşağıdakı kimidir:
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0105001850 |
Emissiya həcmi |
100 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
728 gün |
Faiz ödənişləri (olduqda) |
18 may 2021-ci il, 16 noyabr 2021-ci il, 17 may 2022-ci il, 15 noyabr 2022-ci il |
Faiz gəliri |
6.85 % |
Ödəmə tarixi |
15.11.2022 |
Anderrayter |
“Paşa Kapital İŞ” QSC |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.