Bu gün ABŞ-da FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərin dərci öncəsi birjalarda dolların yenidən bahalaşdığı müşahidə olunur. Əgər nəticə proqnozları üstələyərsə, dollar indeksindəki yüksəliş daha kəskin xarakter ala bilər. Bu halda EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 0.96$ və 1.08$-a kimi ucuzlaşa bilər.
“OPEC”-in noyabr ayından etibarən neft hasilatını azaldacağına dair qərarından sonra, əmtəə birjalarında neftin qiymətləri kəskin bahalaşır. Hazırda 96$-dan təklif olunan “Brent” markalı neftin bir barel üzrə qiymətinin yenidən 100$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Qızılda artım tendensiyasının bir qədər səngidiyi müşahidə olunur. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1711$-ın altına düşsə, eniş tendensiyası 1685$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.