Bugün ABŞ-da inflyasiyaya dair göstəricilərin açıqlanmasından öncə, dollar major valyutalar qarşısında öz mövqelərini bir qədər itirib. Belə ki, hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0765, 1.2575 və 145.53 hədlərində ticarət olunurlar.
Ekspertlər hesab edirlər ki, ölkədə illik inflyasiya göstəricisi öncəki ay ilə müqayisədə noyabr ayında 3.2%-dən 3.1%-ə enib. Onların fikrincə inflyasiyanın yavaşlaması valyuta üçün müsbətdir amil olacaqdır.
Həmçinin analitiklər ABŞ Federal Ehtiyatlar Sisteminin toplantısını gözləməyə davam edirlər. Onların proqnozlarına əsasən, tənzimləyici qurum uçot faiz dərəcəsini illik 5.25-5.5% səviyyəsində saxlayacaq. Qeyd edək ki, qərar çərşənbə günü açıqlanacaq.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.1% geriləyərək 103.99 bənd təşkil edib. Dolların ucuzlaşması əmtəələrə, o cümlədən neftə olan tələbi dəstəkləyir və onları digər valyutalarda satın almaq üçün daha əlçatan edir. Hal-hazırda “Brent” markalı neftin bir bareli dünya birjalarında 76.66$-a, “WTI” markalı neftin bir bareli isə 71.87$-a ticarət olunur.
Bugün Böyük Britaniyada açıqlanacaq İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər və Almaniyada dərc olunacaq “ZEW” İqtisadi Aktivlik İndeksi göstəriciləri də investorların maraqla gözlədikləri hadisələrdir.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.