Cümə axşamı ABŞ-da açıqlanan zəif iqtisadi göstəricilərin fonunda dollar üzərində təzyiqlər davam edir. Lakin dünən Avrozonada proqnozların altında açıqlanan inflyasiya rəqəmləri avronun bahalaşmasına mane oldu.
Bugün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə dərc olunacaq pərakəndə satış dövriyyəsinə aid rəqəmlər, həmçinin 12:30-da Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı EUR/USD və GBP/USD məzənnələrində tendensiyaların gedişinə ciddi təsir edə bilər. Dollar indeksində eniş tendensiyası davam edərsə, avro 1.05$, funt isə 1.20$-ə kimi bahalaşa bilər.
Ucuzlaşan dollar fonunda qızıl “güvənli liman maliyyə aləti” olaraq aktuallığını qoruyur. Hazırda 1762$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1771$ həddinin üzərində möhkəmlənə bilsə, 1793$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.