Dünən ABŞ-dan “Conference Board” İstehlakçı İnamı İndeksi göstəricisinin proqnozların altında açıqlanmasına baxmayaraq, dollar major valyutalar qarşısında bir qədər dəyər qazandı.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (20-26 mart, 2024)
Hal-hazırda EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0828, 1.2615 və 151.663 səviyyələrində ticarət olunurlar. Dollar indeksi 0.05% artaraq, 104.35 bənd təşkil edir.
Qeyd etmək lazımdır ki, Yaponiya Bankının idarə heyətinin üzvü Naoki Tamuranın ultra-yumşaq monetar siyasətinin yavaş, lakin davamlı şəkildə dayandırılmasının vacibliyi haqqında açıqlamalarından sonra, USDJPY məzənnəsi 1990-cı ildən bəri ən yüksək səviyyəyə qalxıb. Ötən həftə isə, mart toplantısının nəticələrinə əsasən, Yaponiya Bankı son 17 ildə ilk dəfə olaraq uçot faiz dərəcəsini -0.1%-dən 0-0.1%-ə qədər qaldırdı.
Həmçinin çərşənbə axşamı Avropanın əsas fond indeksləri Almaniyada İstehlakçı İnamı İndeksi ilə bağlı məlumatların proqnozların üzərində açıqlanmasından sonra yüksəlişlə bağlanıblar. Günün sonunda Britaniyanın “FTSE 100” indeksi 0.15% artaraq 7929.46 bənd, Fransanın “CAC 40” indeksi 0.41% artaraq 8184.75 bənd, Almaniyanın “DAX” indeksi isə 0.76% artaraq 18399.23 bənd təşkil edib.
Eləcə də, çərşənbə axşamı günün ikinci yarısında qızılın qiymətinin artım tendensiyası bir qədər səngiyib. Nyu-Yorkun “Comex” birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 2.2$ və ya 0.1% artaraq 2178.6$ olub. Gümüşün may fyuçerslərinin dəyəri isə 1.11% ucuzlaşaraq 1 unsiya üçün 24.617$ təşkil edib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.