Federal Ehtiyyatlar Sisteminin çərşənbə günü keçiriləcək toplantısı öncəsi ABŞ iqtisadiyyatında resessiya ehtimallarının artması fonunda dollar indeksinin gerilədiyi müşahidə olunur. Həmçinin ötən həftə Avropa Mərkəzi Bankının proqnozları üstələyərək faiz dərəcələrini 0.5% artırması da investorların dollara olan marağının azalmasına səbəb olub. Təhlillərə əsasən dollar indeksindəki çöküş davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.03$ və 1.21$-a kimi bahalaşa bilər.
Qeyd edək ki, bu gün Amerikada açıqlanacaq istehlakçıların inam indeksi və yeni mənzil bazarında satışlara dair statistik göstəricilər investorların diqqət mərkəzində olacaqdır. Həmçinin, bu gün “Microsoft”, “Alphabet”, “Visa”, “Coca-Cola”, “McDonalds”, “Yandex” kimi şirkətlərin ikinci rüb üzrə gəlir hesabatı da maraqla gözlənilir.
1680$ həddindən dəstək alaraq bahalaşan qızılda artım tendensiyası davam edir. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə qiyməti 1730$ həddinin üzərində möhkəmlənə bilsə, artım trendi 1741$-a qədər davam edə bilər.
Təhlil InvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.