Dünən ABŞ-da statistik məlumatların proqnozların altında açıqlanmasından sonra, dollar dünya birjalarında bir qədər dəyər itirib. Dollar indeksi (DYX) çərşənbə günü yüksəldiyi 106.84 həddindən iki gün ərzində 106.00 həddinə qədər eniş edib.
Almaniyada İstehlak Qiymətləri İndeksi aylıq ifadədə 0.3%, illik ifadədə isə 4.5% səviyyəsində açıqlandı. Analitiklər 0.3% və 4.5%-lıq göstəriciləri proqnoz edirdilər.
Həmçinin ABŞ Ticarət Departamenti ölkədə ÜDM-in 2.1%, ÜDM qiymət indeksinin isə 1.7% səviyyəsində olduğunu bildirdi. 23 sentyabr tarixində bitən həftə üçün işsizlik müavinətı üzrə ərizələrin sayı əvvəlki həftənin göstəricisi ilə müqayisədə 2 min nəfər artaraq 204 min nəfərə çatıb.
Bugün dərc olunacaq Böyük Britaniya, ABŞ və Kanadadan ÜDM göstəriciləri, Almaniyadan əmək bazarı ilə bağlı məlumatlar və Avrozonadan İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaqlar.
Eləcə də ABŞ-dan Ticarət saldosu və şəxsi xərclər və şəxsi gəlirlər kimi inflyasiya göstəricilərinin açıqlanması birjalarda volatilliyə səbəb ola biləcək amillərdir.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.