ABŞ prezidenti Co Baydenin Jerom Povelin FED sədri vəzifəsinə namizədliyini yenidən irəli sürməsindən sonra bazar gələn ilin iyun və noyabr aylarında faiz dərəcələrini 0.25% artırılacağını qiymətləndirməyə başlayıb. Nəticədə dollar dünya birjalarında digər valyutalar qarşısında qüvvətlənməkdə davam edir.
Bu gün həmçinin investorların diqqəti Almaniyada biznes mühiti, ABŞ-da iqtisadi inkişaf səviyyəsi və əmək bazarına dair açıqlanacaq önəmli iqtisadi göstəricilərə yönəlib.
Türkiyədə inflyasiyanın sürətlə artması, eləcə də dolların birjalarda qüvvətlənməsi fonunda Türkiyə lirəsi çərşənbə günü tarixi rekord səviyyəsini yeniləyib. 13.50 hədlərinə qədər bahalaşan USDTRY cütlüyü daha sonra 12.70 hədlərinə kimi geriləsə də qlobal analizlər artım tendensiyasının davam edəcəyini proqnozlaşdırmağa imkan verir. Qiymət 13.00 hədlərini üzərinə yüksələ bilsə, artım tendensiyası 13.50 və 14.00 hədlərinə qədər davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.