Son günlərdə ABŞ iqtisadiyyatına dair açıqlanan neqativ göstəricilərlə yanaşı, FED-in tezliklə faiz artımlarının sürətini azaldacağı yönündə ehtimalların getdikcə qüvvətlənməsi dollar indeksi üzərində təzyiqlərin artmasına səbəb olur. Bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikada ÜDM göstəriciləri artımla açıqlanarsa, bu, FED-in faiz artımı siyasətini dəstəkləyə bilər. Bu səbəbdən də xəbər dollar indeksində tendensiyanın gedişinə ciddi təsir edə bilər. Hazırda isə dollar bütün major valyutalar və qızıl qarşısında dəyər itirir.
Bu gün həmçinin saat 16:15-də açıqlanacaq Avropa Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzində olacaq.
Səudiyyə Ərəbistanının enerji böhranının dərinləşə biləcəyinə dair xəbərdarlığından sonra Brent neftinin bir barel üzrə qiyməri 96$-ın üzərinə yüksəlib. 97$ həddi də qırılarsa, artım tendensiyası 99$-a kimi davam edə bilər.
Geriləyən dollar indeksi fonunda qızıl bahalaşır. Hazırda 1666$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1670$-ın üzərində möhkəmlənə bilsə, yenidən 1680$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.