Cümə axşamı Amerikada açıqlanan iqtisadi göstəricilərin, xüsusilə də özəl sektorda məşğulluğa dair rəqəmlərin proqnozlardan yaxşı açıqlanması, bu gün dərc olunacaq 2022-ci ilin son “NFP” məlumatları öncəsi dollar indeksinin yenidən 105 bənd hədlərinə qədər yüksəlməsinə səbəb oldu. Nəticədə EUR/USD məzənnəsi 1.05$, GBP/USD məzənnəsi isə 1.19$-ə qədər ucuzlaşdı. Təhlillərə əsasən, “buğalar” 106 bənd səviyyəsində “ayılar”ın müqavimətini dəff etməyi bacarsalar, DXY 110 bənd hədlərinə kimi yüksələ bilər.
Dolların kəskin bahalaşması fonunda qızıla tələb azaldı. Həmçinin texniki mənzərəyə əsasən XAUUSD-nin həm günlük qrafikində müşahidə olunan divergensiya, həm də həftəlik qrafikində qiymətlərin “Bellinger Bands”-ın yuxarı xəttindən qayıtması “ayılar”ın müqavimət gücünü artırdı. Nəticədə 1858$ həddində müqavimətlə qarşılaşan qızıl yenidən 1826$-a kimi ucuzlaşdı. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1834$ səviyyəsinin altına düşsə, müşahidə olunan korrektiv enişlər 1809$-a qədər davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.