ABŞ-da şirkətlərin rüblük gəlir hesabatları və bank sektorundakı proseslər investorların diqqət mərkəzində olmağa davam edərkən, ölkədəki bank böhranında adı çəkilən banklardan biri olan “First Republic Bank”-ın səhm qiymətlərindəki eniş dünən də davam edib. Həftənin əvvəlində dərc olunan birinci rüb üzrə hesabatında depozit itkilərinin artması açıqlandıqdan sonra bankın səhmləri təqribən 30% dəyər itirib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
“First Republic Bank”-ın səhmlərinin ucuzlaşması böhran və resessiya ilə bağlı narahatlıqları artırdı. Nəticədə dollar major valyutalar qarşısında bir qədər də gerilədi.
Digər tərəfdən, bugün ABŞ-da açıqlanacaq Ümumdaxili Məhsulun Həcminin azalacağına dair proqnozlar da dollar üzərində təzyiqlərin artmasına səbəb olur. Əgər ÜDM-in həcmi ehtimal edildiyi kimi azalarsa, bu, dollar indeksində 100.80 bənd səviyyəsindəki dəstək həddinin qırılmasına zəmin yarada bilər. 103.50 bənd səviyyəsindəki psixoloji bariyer qırılacağı təqdirdə isə dollar bahalaşa bilər
Artan böhran və resessiya ilə bağlı narahatlıqları fonunda qızıla tələb yenidən artıb. "Buğalar" qiyməti 2000$ həddinin üzərinə qaldıra və orada qoruyub saxlaya bilsələr, artım tendensiyası 2025$-a kimi davam edə bilər.
Həmçinin resessiya narahatlıqları səbəbilə neftdə də eniş tendensiyası davam edib. Dünən “Brent” markalı neftin qiyməti 78.00$-a kimi gerilədi. OİLUK-də qiymətlər dünənin minimumunu qırsa, növbəti dəstək hədləri kimi 76.80$ və 75.60$ səviyyələri çıxış edir.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.