“Bitcoin”in qiyməti qlobal bazarları bürüyən genişmiqyaslı riskdən qaçış dalğası fonunda 72 min dollardan aşağı düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı “Bloomberg HT”a istinadən xəbər verir ki, “Bitcoin”in qiyməti təxminən 15 ayın ən aşağı səviyyəsini görüb.
Dünyanın ən böyük kriptovalyutası ötən ilin oktyabr ayında çatdığı zirvədən bu yana 42%-dən çox dəyər itirib. “Bitcoin” 71 min 540 dollara qədər geriləyib. Bu səviyyə Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonrakı gün — 6 noyabr 2024-cü ildən bəri müşahidə olunan ən aşağı göstərici olub.
“Monarq Asset Management” şirkətinin idarəedici ortağı Şilianq Tanq bildirib ki, bazar hazırda etimad böhranı yaşayır. Onun sözlərinə görə, enişin əvvəlki mərhələləri kriptovalyutaya xas likvidasiyalardan qaynaqlansa da, çərşənbə günkü təzyiq daha geniş aktiv siniflərinə təsir edən gərginlikdən qidalanır.
ABŞ-da ticarət olunan “Bitcoin” üzrə birja investisiya fondlarına (ETF) yönələn vəsait axınları dalğalı xarakter daşıyır. Bazar ertəsi günü təxminən 562 milyon dollar həcmində xalis giriş qeydə alındığı halda, çərşənbə axşamı investorlar bu fondlardan 272 milyon dollar çıxarıb.
Bazarların gərgin olduğu dövrlərdə “Bitcoin”in təhlükəsiz liman rolu ilə bağlı şübhələr artır. “Bitcoin” bu il təxminən 17% ucuzlaşıb, daha geniş kriptovalyuta bazarının ümumi dəyəri isə son bir həftədə 460 milyard dollardan çox azalıb.











