Dünən axşam ABŞ-da daşınmaz əmlak bazarı ilə bağlı məlumatların zəif açıqlanması fonunda dollar major valyutalar qarşısında dəyər itirib.
Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta məzənnələri müvafiq olaraq 1.0952, 1.2630 və 148.18 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.02% enərək 103.39 bənd təşkil edib.
ABŞ Ticarət Nazirliyinin məlumatına əsasən, oktyabr ayında ölkədə Yeni Mənzil Satışları göstəricisi sentyabr ayı ilə müqayisədə 5.6% zəifləyərək 719 min səviyyəsindən 679 min səviyyəsinədək enib. Analitiklər göstəricinin 721 min səviyyəsində açıqlanacağını proqnozlaşdırmışdılar.
Həmçinin qızılın birjalarda qiyməti artım tendensiyasını qorumağda davam edir. Ticarət sessiyasının əvvəlində 2012$ həddində ticarət olunan dəyərli metal hal-hazırda 2015$ səviyyəsində təklif edilir.
Bugün investorlar Bakı vaxtı ilə saat 19:00-da ABŞ-da açıqlanacaq “Conference Board” İstehlakçı İnamı İndeksi göstəricisini diqqət mərkəzində saxlayacaqlar. Ekspertlərin fikrincə “CB” indeksi ötən ay ilə müqayisədə 102.6 səviyyəsindən 101.0 səviyyəsinə qədər eniş edəcək.
Eləcə də Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı da birjalarda qiymətlərin formalaşmasında əhəmiyyətli təsir edə biləcək hadisələrdəndir.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.