Ötən həftənin son ticarət günündə ABŞ-da əmək bazarına dair 2022-ci ilin son statistik göstəriciləri dərc olundu. Noyabr ayına nəzərən geriləyən “NFP”-nin dekabr ayında proqnozlaşdırılandan daha çox artmasına baxmayaraq, əmək haqlarındakı geriləmə, həmçinin, sənaye və xidmət sektorlarında iqtisadi aktivliyin neqativ zonaya düşməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu.
Nəticədə dollar indeksi son bir ayda 10-cu dəfə 103.50 bənd hədlərinə gerilədi. DXY bu psixoloji baryerin altına düşsə və “ayılar” qiyməti bu səviyyənin altında saxlaya bilsələr, kanalın aşağı sərhəddi - 100 bənd səviyyəsi test edilə bilər. Əksinə “buğa”lar qiyməti 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 108 və 110 bənd hədlərinə kimi yüksələ bilər.
Bu həftə cümə axşamı Amerikada dərc olunacaq inflyasiya göstəriciləri dollar indeksində tendensiyanın hansı istiqamət üzrə davam edəcəyində həlledici rol oynaya bilər.
EUR
Cümə günü dolların kəskin ucuzlaşması fonunda EUR/USD məzənnəsi yenidən 1.06$ hədlərinin üzərinə yüksəldi. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.09$-ə qədər bahalaşa bilər.
GBP
Ötən həftənin sonu 1.21$-a kimi bahalaşan GBPUSD məzənnəsindən tendensiyanın necə davam edəcəyinə bu həftənin cümə günü İngiltərədə açıqlanacaq ÜDM göstəriciləri ciddi təsir edə bilər. Nəticələr proqnozlaşdırılan kimi kəsrlə açıqlanarsa, artım tendensiyası eniş trendi ilə əvəzlənə bilər.
OİLUK
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində, eləcə də Yaponiyada "COVİD-19"-a yoluxma hallarının görünməmiş artımı yenidən sərt karantin tədbirlərini, səyahət qadağalarını gündəmə gətirib ki, nəticədə Brent neftinin bir barel üzrə qiyməti 78$-a ucuzlaşdı. Əgər “ayı”lar qiyməti bu psixoloji dəstək həddinin altına sala və bu həddin altında saxlaya bilsələr, eniş tendensiyası 70$-a qədər davam edə bilər.
GOLD
ABŞ-da ötən həftə Emal Sənayesində Biznes Aktivliyi İndeksi, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilərin ardıcıl 3-cü ayda da geriləyərək 2022-ci ili neqativ zonada başa vurması investorların Amerika iqtisadiyyatına inamının daha da azalmasına səbəb oldu. Nəticədə qızıl 1870$ hədlərinə kimi bahalaşdı. Ötən həftəni 1866$-da tamamlayan qiymətli metalın bir unsiya üzrə dəyəri dollar indeksində eniş tendensiyası davam edərsə və “buğa”lar qiymətləri 1870$ həddindəki müqavimət səviyyəsinin üzərində saxlaya bilsələr, 1896$ və 1942$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti"” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.