Federal Ehtiyyatlar Sisteminin növbəti faiz artımı və FED sədri Jerom Pavelin sərt monetar siyasətin davam etdiriləcəyi yöndəki açıqlamalarından sonra, bazar iştirakçıları bu gün Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də “NFP” göstəricilərinə kökləniblər. FED-in monetar siyasətin yol xəritəsinin formalaşdırılmasında əsaslandığı əsas fundamental göstəricilərdən biri olduğu üçün, xəbərin birjalarda dollar indeksindəki tendensiyasnın gedişinə ciddi təsir edə bilər.
Bu gün həmçinin Avrozonada xidmət sektorunda, İngiltərədə isə tikinti sektorunda biznes aktivliyi indeksi göstəriciləri də dərc olunacaq.
FED-in faiz qərarından sonra 1615$-a kimi ucuzlaşan qızıl buradan dəstək alaraq bir qədər bahalaşdı. Hazırda 1646$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri, ABŞ-da əmək bazarına dair göstəricilər proqnozlaşdırıldığı kimi artımla açıqlanarsa, yenidən 1620$-a kimi ucuzlaşa bilər.
Beynəlxalq enerji birjalarında neftə tələb yüksək olaraq qalır. “Brent” markalı neftin bir barel üzrə qiyməti 98$ həddinin üzərində möhkəmlənə bilsə, 100$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.