Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin illik müqayisəli dinamikası açıqlanıb.
FED.az şirkətlərin birja dövriyyələri əsasında hazırlanan cədvələ istinadən xəbər verir ki, birja dövriyyəsində ən kəskin artım olan şirkət "Troni İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin birja dövriyyəsi illik müqayisə ilə 236,3 dəfə və ya 527,2 milyon manat artıb.
Bu dövrdə "Xalq Kapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 6,8 dəfə, başqa sözlə 1,58 milyard manat artım qeydə alınıb.
“Invest-Az İnvestisiya Şirkəti”ndə artım isə 2 dəfə, yəni 802,7milyon manat olub.
Bazarın liderləri olan “PAŞA Kapital İnvestisiya Şirkəti" və "ABB İnvest İnvestisiya Şirkəti" isə mütləq rəqəmlərdə ən böyük artımlara imza atıblar. Belə ki, “PAŞA Kapital”ın dövriyyəsi 55% və ya 10 milyard manat, “ABB İnvest”in dövriyyəsi isə 39,1%, başqa sözlə 6,7 milyard manat yüksəlib.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 10,3 dəfə və ya 1,85 milyard manat olmaqla "CFI Financial Investisiya Şirkəti" olub.
Həmçinin, MFX Trading İnvestisiya Şirkəti dövriyyəsini 2,4 dəfə (206,9 milyon manat) azaldıb. Bazarın iri iştirakçılarından olan Assist Finance İnvestisiya Şirkəti ASC isə 25,7% və ya 1,1 milyard manat həcm itirib.