Bakı Fond Birjası (BFB) 2018-ci il üzrə ölkənin qiymətli kağızlar bazarının göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, ötən il BFB-də bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 23 milyard 450 milyon 350 min 639.20 AZN təşkil edib. Bu 2017-ci ilin yekun ilə müqayisədə 72,2% artıqdır.
Ötən il BFB-dakı əməliyyatların 13,34 milyard manatı (və ya 56,9%-i) dövlət qiymətli kağızlarının, 214,8 milyon manatı (və ya 0,9%) səhmlərin, 726,3 milyon manatı (və ya 3,1%) istiqrazların, 611,8 milyon manat (və ya 2,6%) repo əməliyyatlarının, 8 milyard 557 milyon manat (və ya 36,5%) törəmə maliyyə alətlərinin payına düşüb.
Birjada aparılan əməliyatların sayı da kəskin artıb. Əgər 2017-ci ildə birgada qiymətli kağızlarda 77 334 əqd bağlanmışdısa, 2018-ci ildə bu göstərici 112 950 olub (artım 29,3%).
BFB-nin məlumatlarından məlum olur ki, qiymətli kağızlar bazarında artım əsasən dövlət kağızlarının və törəmə alətlərin (Forex bazarının) hesabına olub.
Eləcə də bax: “Bakı Fond Birjası”nın dövriyyəsi 72,2% artıb
Belə ki, ötən illə müqayisədə bazar 9,832 milyard manat böyüyüb. Bu dövrdə dövlət qiymətli kağızlarının dövriyyəsi 7 milyard 274 milyon manat artıb. Törəmə alətlər bazarındakı əməliyatlar isə 2 milyard 625 milyon manat yüksəlib.
Bazarın digər sektorlarında isə əksinə, geriləmə baş verib. Belə ki, 2018-ci ildə səhm bazarı əvvəlki illə müqayisədə 3,3 dəfə azalaraq 709,6 milyon manatdan 214,8 milyon manata düşüb. Bu sektorda azalmanın əsas səbəbi yeni səhm emissiyalarının kəskin azalmasıdır. 2017-ci ildə 690,6 milyon manatlın yeni səhm emissiyası olduğu halda, 2018-də bu göstərici 171,8 milyon manat olub. Səhmlərlə təkrar bazardakı əməliyyatlar isə artıb – 19 milyon manatı qarşı 43 milyon manat.
2018-ci ildə istiqrazlar bazarında da geriləmə baş verib. 2017-də istiqrazlarla 858,3 milyon manatlıq əməliyyat aparılsa da, 2018-ci ildə bu göstərici 726,3 milyon manata enib.
Repo əməliyyatlarında isə təqribən 12 qat artım baş verib – 51,5 milyon manata qarşı 612 milyon manat.