2022-ci ildə Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 milyard 947 milyon 984 min 521 manat təşkil edib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, əməliyyatların ümumi həcmi 2021-ci illə müqayisədə 2% azalıb.
"Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızlar üzrə ticarət həcmində 14%, korporativ qiymətli kağızlar 93%, korporativ qiymətli kağızlar üzrə: ilkin bazar 17%, təkrar bazar 405%, korporativ qiymətli kağızlar üzrə repo əməliyyatları üzrə isə 2694% artım müşahidə olunmuşdur",- məlumatda bildirilir.
Qeyd edilib ki, 2021-ci illə müqayisədə ümümi repo əməliyyatları üzrə 30% azalma qeydə alınmışdır.
2022-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 193 milyon 278 min 402 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 4% azalma müşahidə olunmuşdur.
2022-ci il ərzində Bakı Fond Birjasında ötən ilə nəzərən korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayı 36% artaraq 45 təşkil etmiş, kütləvi üsulla həyata keçirilmiş korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayında isə 47% artaraq 34 olmuşdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.