Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yeni investisiya məqsədli pul nişanlarının satışına başlanılmışdır
Azərbaycan Mərkəzi Bankın, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən satışına başlayıb.
FED.az xəbər verir ki, bundan sonra istənilən şəxs onlayn şəkildə və ya mərkəzi Bankın göstərdiyi müvafiq ünvanlara yaxınlaşaraq qızıl, gümüş və digər metallardan hazırlanan pulları ala bilər.
Tədavülə buraxılan investisiya məqsədli pul nişanları ilə bağlı ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmişdir. https://www.cbar.az/moneymarks/coins?category=2
Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (https://coin.e-cbar.az/), Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.
Eyni zamanda investisiya məqsədli bu pul nişanlarının Mərkəzi Bank tərəfindən geri alışı da həyata keçiriləcəkdir (https://coin.e-cbar.az/).
Qeyd edək ki, yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən fiziki şəxslər Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”nə daxil olaraq (coin.e-cbar.az/home) real vaxt rejimində satın ala və ya həftənin II və IV günləri saat 10:00-dan 13:00-dək Mərkəzi Bankın Bakı şəhəri, Bülbül pr.27 ünvanında yerləşən inzibati binasında və ərazi idarələrində (Yevlax EM, Gəncə RM, Biləsuvar RM, Quba RM, Naxçıvan MR İdarəsi) yerləşən kassalarından əldə edə bilərlər.
Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən hüquqi şəxslər isə Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə daxil olaraq (contact.e-cbar.az) sifariş yarada bilərlər.
Yubiley və xatirə pul nişanlarının satış qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.