2025-ci ilin ilk yeddi ayı Azərbaycanın kapital bazarı üçün yüksək aktivliklə yadda qalıb.
FED.az xəbər verir ki, investisiya şirkətlərinin birja əməliyyatlarının ümumi dövriyyəsi bu dövr ərzində 58 milyard manatı ötüb. Bazarın 81%-dən çoxu iki şirkətin – “PAŞA Kapital” və “ABB İnvest”in payına düşür ki, bu da bazarda yüksək təmərküzləşmədən xəbər verir.
Reytinq cədvəlinə 26,6 milyard manatlıq əməliyyat həyata keçirmiş "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC rəhbərlik edir. Ondan cüzi fərqlə geri qalan "ABB İnvest İnvestisiya Şirkəti" QSC isə 20,9 milyard manatlıq dövriyyə ilə ikinci pillədədir. Başqa sözlə, bazarda reallaşan hər 100 manatlıq əməliyyatın 81 manatdan çoxu məhz bu iki şirkətin vasitəçiliyi ilə baş tutub.
Əməliyyatların həcminə görə sonrakı yerləri Assist Finance İnvestisiya Şirkəti ASC (3 milyard AZN) və "CPM-İnvest İnvestisiya Şirkəti" QSC (2,6 milyard AZN), "Xalq Kapital" (1,8 milyard AZN), "Invest-Az" (1,4 milyard AZN) və "Unicapital" (1,3 milyard AZN) tutur. Bu beş şirkətin ümumi dövriyyəsi təxminən 10 milyard manat təşkil edir.
Əməliyyatları 1 milyarddan az olan şirkətlər "Capital Partners2 (783 milyon AZN) və "Troni İnvestisiya Şirkəti"dir (432 milyon AZN). "CFI Financial", "PSG Kapital" və "MFX Trading" isə bu il hələlik 140-200 milyon manat dövriyyə ediblər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.