ABŞ-da açıqlanan inflyasiya göstəricilərindən sonra dollar indeksindəki eniş tendensiyası dünən İngiltərədə açıqlanan inflyasiya göstəricilərindən sonra bir qədər də dərinləşib Bugün saat 14:00-da dərc olunacaq Avrozonada inflyasiya göstəriciləri də proqnozlaşdırılan kimi yüksək olarsa, EUR/USD və GBP/USD məzənnələrində artım tendensiyası daha kəskin xarakter ala bilər. Bu halda dollara nəzərən avro 1.05$-a, funt isə 1.20$-adək bahalaşa bilər.
Bu gün həmçinin Bakı vaxtı ilə saat 17:30-da Amerikada açıqlanacaq daşınmaz əmlak bazarına dair son nəticələr, eləcə də Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi göstəricisi investorların diqqət mərkəzində olacaq.
Ucuzlaşan dollar fonunda çərşənbə günü qızıl 1784$-a kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq bir qədər geriləyib. Hazırda 1762$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1771$ həddinin üzərində möhkəmlənə bilsə, 1793$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.