Güclü tələb və məhdud təklif fonunda London Metal Birjasında (LME) alüminiumun qiyməti yeni rekord həddə çatıb, nəticədə sözügedən növ metalın ehtiyatları kritik həddə düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, London Metal Birjasında üç ay ərzində tədarük üçün nəzərdə tutulan alüminium fyuçersləri cümə axşamı günü hər ton üçün 3,325 ABŞ dollarına çatıb.
Avropalı istehsalçılar enerji qiymətlərinin artması fonunda alüminium istehsalını azaldıb, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər Çində metal istehsalının azalmasına səbəb olub.
Bu arada, LME tərəfindən monitorinq edilən anbarlardakı alüminium ehtiyatları 768,25 min tona düşüb ki, bu da 2007-ci ilin fevralından bəri ən aşağı səviyyədir.
Xatırladaq ki, fevralın 8-də LME-də ticarət zamanı alüminiumun bir tonunun qiyməti 2008-ci ilin iyul ayından bəri ilk dəfə olaraq 3,23 min ABŞ dollarını ötüb.