Almaniyanın əsas fond birjası indeksi DAX ticarət həftəsinə rekord göstərici ilə başlayaraq ilk dəfə 25 min bənd həddini keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, indeks günün ilk saatlarında 25,029 bəndə yüksələrək əvvəlki günlə müqayisədə 0,5 faiz artım nümayiş etdirib. Bununla da DAX son aylardakı yüksəliş tendensiyasını davam etdirib.
Analitiklər 25 min bənd kimi psixoloji hədlərin qısamüddətli mənfəət realizasiyası və bazarda müəyyən konsolidasiya ilə müşayiət oluna biləcəyini vurğulayırlar. Bazar iştirakçıları, eyni zamanda, avrozonada inflyasiya dinamikası ilə bağlı “Eurostat” tərəfindən açıqlanacaq yeni məlumatları da diqqətlə izləyirlər.
Almaniyada indeksin artımına xüsusilə müdafiə sənayesi şirkətlərinin, o cümlədən “Rheinmetall”ın səhmlərinin qiymətlərindəki yüksəliş təsir göstərib. Analitiklər Avropanın müdafiə potensialının gücləndirilməsi ehtiyacının davam etdiyini bildirirlər.










