2018-ci illə müqayisədə 2019-cu ildə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyatlarının həcmi azalıb.
FED.az-ın apardığı təhlildən məlum olur ki, ən çox azalma “İnvest-Az” və “Unicapital” şirkətlərində olub. Ən az azalma isə “AzFinance” investisiya şirkətində olub.
Eləcə də bax:Azərbaycandakı investisiya şirkətlərinin - RENKİNQİ
“PAŞA Kapital” investisiya şirkəti 9%-yaxın azalma göstərib
“PAŞA Kapital” investisiya şirkəti bu il ümumilikdə 1703 əməliyyat aparıb. İnvestisiya şirkəti 2018-ci il cəmi 8 milyard 838 milyon manatlıq əməliyyat aparıb ki, bu göstərici 2019-cu illə müqayisədə 765 milyon 678 min manat və ya 8,66% azdır. Belə ki, 2019-cu ildə “PAŞA Kapital”ın cəmi əməliyyatlarının həcmi 8 milyard 072 milyon manat təşkil edib.
“AzFinance” İnvestisiya şirkətində cüzi azalma olub
2018-ci illə müqayisədə 2019-cu ildə cəmi əməliyyatalarının həcmində cüzi azalma “AzFinance” İŞdə-də müşahidə olunub. Belə ki, 2018-ci ildə şirkətin cəmi əməliyyatları 4 milyard 461 milyon manat olduğu halda 2019-cu ilin yekununda bu rəqəm 16 milyon 309 min manat və ya 0,36% azalaraq 4 milyard 445 milyon manat olub.
“İnvest-Az”da 70%-dən çox azalma olub
“İnvest-Az”ın 2018-ci ildə 4 milyard 605 milyon manat olduğu halda 2019-cu ildə bu rəqəmlər ciddi şəkildə geriləyib. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə şirkətin cəmi əməliyyatlarının həcmi nə az, nə çox düz 3 milyard 281 milyon manat(3,4 dəfə), faizlə isə 71,25% azalaraq 1 milyard 324 milyon manata düşüb.
“Unicapital”dan 4 dəfə azalma
Əməliyyatlarında böyük məbləğdə azalma digər bir investisya şirkəri “Unicapital”da müşahidə olunub.
2018-ci illə müqayisədə 2019-cu ildə investisiya şirkətini cəmi əməliyyatlarının həcmi 3 milyard 994 milyon manat və ya 75,10% azalaraq 1 milyard 323 milyon 495 min manat olub.
Məlumat üçün bildirək ki, 2018-ci ildə “Unicapital”ın əməliyyatlarının həcmi 5 milyard 317 milyon 371 min manat təşkil edib. Azalma 4,01 dəfə olub.
“PSG Kapitalda” azalma 6%-dan az olub
Həmçinin əməliyyat həcminə görə, azalma göstərən şirkətlərdən biri də “PSG Kapital” şirkətidir. 2018-ci ildə şirkətin əməliyyatlarının həcmi 541 milyon 774 milyon manat olub. 2019-cu ildə isə bu rəqəm 28 milyon 281 min manat və ya 5,22% azalaraq 513 milyon 492 min manata enib.
Məlumat üçün bildirək ki, “BTB Kapital” investisiya şirkəti yeni fəaliyyətə başladığı üçün ötən il əməliyyat göstəricisi əks olunmayıb.
Qeyd edək ki, Bakı Fond Birjasında 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 milyard 33,8 milyon manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 5,8% azdır.