2021-ci ildə dünyanın ən çox ucuzlaşan valyutaları məlum olub.
FED.az xəbər verir ki, bu barədə «Praym» agentliyinə «Otkrıtie İnvestiüii» şirkətinin nümayəndəsi Mixail Şulqin bildirib. Onun sözlərinə görə, ötən il dünyada ən çox dəyərdən düşən valyutalar Kuba pesosu, Liviya dinarı və türk lirəsi olub.
Kuba pesosu
Kuba pesosu bir il ərzində ABŞ dolları qarşısında 96% ucuzlaşıb. Pandemiya və ABŞ tərəfindən tətbiq edilən çoxsaylı sanksiyalar səbəbindən son illər Kuba iqtisadiyyatının staqnasiyası daha da güclənib. 2020-ci ildə 11% iqtisadi geriləmə qeydə alınıb, 2021-ci ildə isə artım cəmi 2% təşkil etməlidir. ABŞ-ın tətbiq etdiyi son sanksiyalar təkcə son iki ildə Kubanı 4 milyard dollar gəlirdən məhrum edib. Valyuta qıtlığı nəticəsində ölkəyə idxal 40% azalıb, hökumət əhalini ərzaq, dərman və başqa vacib mallarla təmin etməkdə çətinlik çəkir. Kubada dolların rəsmi məzənnəsi 24 peso olsa da, qara bazarda dolların məzənnəsi 70 peso ətrafında dəyişir. Ölkədə inflyasiya da artır. Rəsmi məlumata görə, inflyasiya 60%-dir.
Liviya dinarı
2021-ci ilin ikinci zəif valyutası – Liviya dinarı il ərzində dollar qarşısında 71% ucuzlaşıb. Livayanın iqtisadiyyatına daxili siyasi proseslər mənfi təsir göstərir. Noyabrın sonunda Liviyada dolların rəsmi məzənnəsi 4,6 dinar müəyyən edilsə də, real məzənnə daha yüksəkdir - 5,45 dinar. Ümumiyyətlə isə Liviyada hətta rəsmi olaraq dolların bir neçə məzənnəsi var - dövlət sektorunun əməliyyatları üçün dolların məzənnəsi 1,4 dinar, qalan şəxslər və şirkətlər üçün isə 3,9 dinar. Dolların fərqli məzənnələrinin olması ölkədə böyük korrupsiyaya yol açıb. Belə ki, rəsmi məzənnəyə çıxışı olan silahlı qruplar idxalla bağlı fırıldaqçı əməliyyatlar nəticəsində milyardlarla dollar pul qazanırlır.
Ölkədə hökm sürən hərc-mərclik, hakimiyyətsizlik böyük ehtiyatları olan Liviya iqtisadiyatını faktiki olaraq məhv edib. Neft ehtiyatlarının həcminə görə dünyada 9-cu, Afrikada isə 1-ci yeri tutan Liviyaya yanacaq xaricdən idxal olunur. 1900 kilometr uzunluqda sahil xətti olan Liviya balığı da xaricdən idxal edir və ölkəyə valyuta gətirə biləcək turizm sənayesi də yarada bilməyib.
Türkiyə lirəsi
Türk lirəsi isə 2021-ci ilin ən çox ucuzlaşan valyutaları arasında 3-cüdür. Qardaş ölkənin valyutası 2021-ci ildə dollar qarşısında 49% ucuzlaşıb. 2021-ci ilin əvvəlində 7,44 lirə olan ABŞ dolları, 2021-ci ilin sonunda 13,32 lirəyə yüksəlib.
Ekspertlər hesab edir ki, bunun səbəbi Türkiyə rəhbərliyinin apardığı pul-kredit siyasəti, daha dəqiqi inflyasiyaya baxmayaraq uçot dərəcəsini hələ də yüksəltməməsi olub.