Yapı Kredi Bank Azərbaycan 2024-cü ilin birinci rübünü 2.5 milyon manat xalis mənfəətlə başa vurmuşdur.
Bankdan FED.az-a verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - mart ayları üzrə faiz gəlirləri 28% artaraq 11 milyon manat, qeyri-faiz gəlirləri 28% artaraq 5 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 10 milyon manat olmuşdur.
Cari ilin ilk rübündə Yapı Kredi Bank Azərbaycanda müştərilərə verilən kredit porfelinin həcmi 298 milyon manat olmuşdur. Belə ki, istehlak kreditləri 4% artaraq 71 milyon manat, həmçinin biznes kreditləri 187 milyon manata bərabər olmuşdur. Daşınmaz əmlak üzrə verilən kreditlər isə 16% artaraq 40 milyon manat təşkil edib.
Eyni zamanda, bankın depozit portfeli keçən ilin sonu ilə müqayisədə 7% artaraq 390 milyon manat, bankın aktivləri isə 6% artaraq 544 milyon manat təşkil edib.
Yapı Kredi Bank Azərbaycan cari ilin ilk 3 ayında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 20%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 91 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.