Azərbaycanda türk kapitalı ilə fəaliyyət göstərən iki bankdan biri - “Yapı Kredi Bank Azərbaycan” 2026-cı ilin birinci yarısı üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin ilk yarısında bankın faiz gəlirləri 32,5 milyon manat olub. Faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 milyon manat (40,2%) artıb, ötən ilin ilk yarısında bankın faiz gəlirləri 23,1 milyon manat idi.
Faiz gəlirlərinin 24,7 milyon manatını müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri tutub. Bu rəqəm illik müqayisədə 8,2 milyon manat artım göstərib.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 885 min manat (2,5 dəfə) artaraq 1 milyon 483 min manata, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 739 min manat (25,6%) artaraq 3 milyon 624 min manata yüksəlib.
Bu dövrdə “Yapı Kredi Bank Azərbaycan” qiymətli kağızlardan 2,4 milyon manat qazanıb ki, bu da illik müqayisədə 814 min manat (25%) azdır.
Ən sürətli artım bankın faiz xərclərində müşahidə edilib. 2026-nın ilk yarım ilində “Yapı Kredi Bank Azərbaycan”ın faiz xərcləri 11,7 milyon manat olub. Bu, 2025-ci ilin birinci yarısındakı 4,5 milyon manatdan 7,2 milyon manat və ya 2,6 dəfə artıqdır.
Faiz xərclərinin 93%-ini və ya 10,8 milyon manatı bankda əmanəti olanlara ödənilən faizlərdir. Əmanət sahiblərinə ödənişlər bu il təqribən 7 milyon manat və ya 2,8 dəfə artıb. Cəlb edilmiş kreditlərə görə isə bank yarım ildə 840 min manat faiz ödəyib.
Nəticədə yarım ilin sonunda bankın xalis faiz gəliri 20,8 milyon manata bərabər olub. Bu 2025-ci ilin eyni dövrünə nisbətən 2,1 milyon manat və ya 11% artıqdır.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın qeyri-faiz gəlirləri 14,6 milyon manat olub. Bu, illik müqayisədə 1 milyon manat (7,4%) çoxdur. Artım haqq və kommisiya gəlirlərinin hesabınadır.
Bankın qeyri-faiz xərcləri isə cəmi 7% artaraq 25,7 milyon manata yüksəlib.
“Yapı Kredi Bank Azərbaycan” ilk yarım ildə təqribən 10 milyon manat əmək haqqı ödəyib, öu ötənilin eyni vaxtına nisbətən 17% artıqdır. Əvəzində bankın ümumi və inzibati xərcləri təxminən 5% azalaraq 4,7 milyon manata enib. Eləcə də bank bu dövrdə amortizasiyaya 2,2 milyon manat, 8,8 milyon manat xərcləyib.
Nəticədə bankın ilk yarım il üzrə əməliyyat mənfəəti 9 milyon 645 min manat olub. Ötən il bu məbləğ 8 milyon 249 min manat olmuşdu.
İlk yarım ilin sonuna “Yapı Kredi Bank Azərbaycan” mümkün zərərlər üçün ehtiyatlara 3,3 milyon manat ayırıb, bu ötən illə müqayisədə 800 min manat artıqdır.
2-ci rübün sonuna Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 6,4 milyon manat, mənfəət vergisi xərci 1,6 milyon manat olub. Yekunda bank 2026-cı ilin birinci yarısını 4 milyon 788 min manat xalis mənfəətlə başa vurub. Ötən il bu məbləğ 4 milyon 881 min manat idi.
2026-ci ildə “Yapı Kredi Bank Azərbaycan” böyüməni davam etdirib – bankın aktivləri 870,7 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 78 milyon manat və ya 9,8% çoxdur.
Aktivlərin 57%-ini və ya 497 milyon manatını kredit porfeli tutub. Kredit portfeli son altı ayda 29,5 milyon manat (6,3%) artıb.
Bu dövrdə bankın istehlak kreditləri 2,4% azalaraq 94,6 milyon manata ensə də, biznes kreditləri 26,4 milyon manat və ya 8,6% artaraq 335 milyon manata yüksəlib. Daşınmaz əmlak kreditləri isə 8,8% artımla 67,1 milyon manata çatıb.
“Yapı Kredi Bank Azərbaycan” ölkədə ən böyük nağd vəsaitlrə malik olan banklardandır – yarım ilin sonuna bankın nağd pul vəsaitləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 251,5 milyon manata çatıb, 6 ayda 10,1 milyon manat artım olub.
Qiymətli kağızlara yatırımlar da 6,7 milyon manat və ya 12% artaraq 62,2 milyon manat olub.
Banklar və digər maliyyə institutlarına verilən kreditlərin həcmi 22 milyon manat və ya 2,3 dəfə artaraq 38,9 milyon manata yüksəlib.
Hesabat dövrünün sonunda “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlkilərinin həcmi 741 milyon manat olub. Öhdəlkilərin həcmi ötən ilin sonuna nəzərən 71,6 milyon manat və ya 10,7% artıb.
Son 6 ayda bankda depozit portfeli 45 milyon manat və ya 8,6% artaraq 573 milyon manata çatıb. Bankda fiziki şəxslərin depozitləri 103,7 milyon manat (7,6% artım), hüquqi şəxslərin depozitləri isə 469 milyon manat (8,8% artım) təşkil edib.
2026-cı ilin ilk yarısında “Yapı Kredi Bank Azərbaycan”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin həcmi 141 milyon manat olub ki, bu da, 2025-ci ilin sonundakı 122,5 milyon manatdan 15,4% çoxdur.
2026-cı ilin ilk yarısının sonunda “Yapı Kredi Bank Azərbaycan”ın cəmi kapitalı 130 milyon manat olub ki, bu da, ötən ilin sonundakı 123 milyon manatdan 6,4 milyon manat və ya 5,2% çoxdur.





![“Yapı Kredi Bank Azərbaycan” faizlərdən 32 milyon qazanıb – [red]BANK MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](upload/news/small/1937684.jpg)
![“Yapı Kredi Bank Azərbaycan” faizlərdən 32 milyon qazanıb – [red]BANK MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](upload/news/small/3664064.jpeg)
![“Yapı Kredi Bank Azərbaycan” faizlərdən 32 milyon qazanıb – [red]BANK MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](upload/news/small/183941.jpeg)










