“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 86,3839 %-ə qaldırılıb. Bu artım Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak paynın alınması hesabına baş verib.
Eləcə də bax: "Unibank"ın Biznes mobil əlavəsi MDB üzrə - ƏN YAXŞILARDAN SEÇİLİB
FED.az xəbər verir ki, “Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov “Unibank”ın AYİB-in ilk investisya etdiyi Azərbaycan bankı olduğunu və 2003-cü ildən bu yana birgə fəaliyyətin çox uğurlu əməkdaşlıq nümunəsi olduğunu bildirib: “Uzun illər “Unibank”ın səhmdarı kimi AYİB-in bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub. AYİB öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, daha mürəkkəb illərdə Bankın kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. AYİB-in də dəstəyi nəticəsində Unibank bu dəyişiklik mərhələsindən uğurla keçib. Bütün səhmdarlarımız adından indiyədək “Unibank”ın inkişafına verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürümüzü bildiririk”.
AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə də “Unibank”la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. “Unibank”ın AYİB-in ilk investisiya etdiyi Azərbaycan bankı olduğunu xatırladan xanım Duarte vurğulayıb ki, AYİB “Unibank”la birgə bir çox uğurlu layihələrə imza atıb və bankın kapitalının gücləndirilməsində iştirak edərək dəstək göstərib. 2003-cü ildən AYİB və Unibank birlikdə uzun və səmərəli bir yol keçiblər və gələcəkdə də müxtəlif sahələrdə bankla əməkdaşlıq davam etdiriləcək.
Qeyd edək ki, maliyyə inkişafı institutu olaraq, AYİB-in əsas rolu özəl sektorda olan şirkətləri maliyyələşdirmək, kapitalında payçı kimi çıxış edib, onların instusional inkişafında iştirak etmək və dəstək olmaqdan ibarətdir. Qoyulmuş hədəflərə çatdıqdan sonra AYİB-in mandatı şirkət və bankların səhmdarları sırasından mərhələli çıxışını nəzərdə tutur.
AYİB-lə olan bu əməkdaşlıq “Unibank”a böyük təcrübə qazandırıb və bu təcrübə qarşıdakı illərdə də bankın inkişafında özünü göstərəcək.