Bu ilin yanvar-iyun aylarında “Turanbank”ın faiz gəlirləri 48 milyon 601 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 654 min manat və ya 10,6% artım deməkdir.
Faiz gəlirlərinin əsas hissəsini – 44 milyon 581 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 5 min manat və ya 12,6% artıb.
Hesabat dövründə banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri kəskin artaraq 124 min manat və ya 2,9 dəfə artımla 190 min manata çatıb. Digər faiz gəlirləri isə 178 min manat və ya 32,3% artaraq 729 min manat olub.
Bankların və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 877 min manata bərabər olub. Ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri isə 1 milyon 225 min manat təşkil edib.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə “Turanbank”ın faiz gəlirləri 43 milyon 947 min manat olmuşdu.