Azərbaycanın xüsusilə bölgələr və kənd təsərrüfatı üzrə ixtisaslaşmış banklarından olan «Turanbank» 2021-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bank bu dövrü mənfəətlə başa vurub.
Açıqlanan hesabata əsasən, ilk yarım ildə bankın faiz gəlirləri 19 milyon 375 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon manat və ya 2,1 dəfə artıqdır.
Faiz gəlirlərinin artımı kreditlərdən daxil olan faizlərin hesabınadır. «Turanbank» 17 milyon 632 min manat kredit faizi əldə edib ki, bu da ötən ilin eyni dövründən 2 dəfə artıqdır.
Bankın qiymətli kağızlardan əldə etdiyi gəlir isə ötən illə müqayisədə 4,7 dəfə artaraq 1 milyon 371 min manata yüksəlib (ötən il 294 min manat idi).
İlk yarım ildə «Turanbank»ın faiz xərcləri də 2,2 dəfə artaraq 5,7 milyondan 12,6 milyon manata yüksəlib. Faiz xərclərinin artımı bankdakı əmanətlər üzrə ödənilən faizlərin məbləğinin kəskin yüksəlməsi ilə bağlıdır. Ötən il 3,9 milyon manat olan əmanət faizləri bu il 9,1 milyon manata yüksəlib.
Bununla yanaşı, bankın cəlb edilmiş kreditlərə görə faiz ödənişləri də 2 dəfədən çox artaraq 748 min manatdan 1 milyon 588 min manata yüksəlib.
Nəticədə ilk yarım ilin yekununda «Turanbank»ın xalis faiz gəliri ötən idəkindən təqribən 2 dəfə çox – 6,8 milyon manat olub.
Qeyri-faiz gəlirlərində yüksək artım
İlk yarım ildə «Turanbank» banklar üçün əsas göstəricilərdən birində ciddi uğur əldə edib – bankın qeyri-faiz gəlirləri 2,6 dəfə artaraq 922 min manatdan 2 milyon 384 min manat qalxıb.
Bu dövrdə haqq və komissiya gəlirləri 3 dəfə artıb – 654 mindən 1 818 min manata qədər.
Bankın xarici valyutadan daxil olan gəlirləri də iki qat artaraq 566 min manat yüksəlib.
Əmək haqqı və inzibati xərclərdə ikiqat yüksəlmə
2-ci rübün nəticələrinə görə, bankın qeyri-faiz xərcləri 8 milyon 660 min manatdır. Bu əvvəlki illə müqayisədə 2,2 dəfə artıqdır. Bu dövrdə əmək haqları iki qat artaraq 2 milyondan 4 milyon manata, inzibati xərclər isə 1,3 milyondan 3 milyon manata yüksəlib.
Nəticədə bank yarım ili 497 min mana əməliyyat mənfəəti ilə başa vurub. Bunun 312 min manatı aktivlər üzrə mümkün zərərlərdən ehtiyat yaratmağa yönəldilib. Beləliklə,bankın xalis mənfəəti 185 min manat təşkil edib. Xatırladaq ki, ötən il bu göstərici 645 min manat idi.
Gəlirləri də artıb, xərcləri də
Başqa sözlə, 2021-ci ilin ilk 6 ayında «Turanbank»ın gəlirləri 2 dəfədən çox artasa da, xərclərin də artımı xalis mənfəətin azalması ilə nəticələnib.
Bununla yanaşı, inzibati və əmək haqlarının artması bankın böyüməsindən xəbər verir.
Aktivləri 600 milyon manatı keçdi
İlk yarım ilin sonunda bankın aktivləri 603 milyon manat təşkil edib ki, bu da ilin sonu ilə müqayisədə 52 milyon manat və ya 9,3% artıqdır.
Bu dövrdə bank qiymətli kağızlara yatırımlarını 4,7 dəfə artıraraq 10 milyon manatdan 47 milyon manata qaldırıb.
Müştərilərə verilən kreditlər isə 22 milyon manat artaraq 373 milyon manat olub.
Bankda bütün kreditlərin həcmi artıb – istehlak kreditləri 19% artaraq 58 milyon manata, biznes kreditləri 1,2% artaraq 243 milyon manata, daşınmaz əmlak kreditləri isə 15% artaraq 71 milyon manatı keçib.
Bankdakı depozit və əmanətlər artıb
Bu dövrdə bankın öhdəlikləri 46 milyon manat və ya 9,8% artaraq 471 milyon manatdan 517 milyon manata yüksəlib. Artımın 17 milyon manatı depozit və əmanətlərin payına düşüb. Fiziki şəxslərin əmanətləri 8 milyon manat artaraq 222 milyon manata, şirkətlərin depozitləri isə 9 milyon manat artaraq 75 milyon manata yüksəlib.
«Turanbank»ın digər banklar qarşısında öhdəlikləri isə 25 milyon manat yüksəlib.
Hesabat dövründə bank öz kapitalını da 5 milyon manat artıraraq təqribən 86 milyon manata çatdırıb.