Azərbayanda 2 bank islam maliyyə məhsullarını sınaqdan keçirməyə başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “İslami Maliyyə üzrə 20-ci IsDB Qlobal Forumu - İslami Maliyyəsi vasitəsilə Dayanıqlı Rifahın Əldə Edilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.
Tadeh Kazımov bildirib ki, hazırda Mərkəzi Bankın nəzarəti altında iki kommersiya bankı İslam maliyyə məhsullarını sınaqdan keçirir. Bu məhsullar Murabaha - dəyərin üzərinə mənfəət əlavə edilməklə satış müqaviləsi və Mudaraba - mənfəət bölgüsü tərəfdaşlığı – kimi alətlərdir.
Taleh Kazımov bildirib ki, ticarət və maliyyə sahəsindəki qütbləşmə, eləcə də artan qeyri-müəyyənlik islam maliyyə alətlərinə marağı artıracaq:
«Fikrimcə, Azərbaycanda İslam maliyyəsinin uğur qazanması üçün bəzi addımlar atılmalıdır. Buraya hüquqi bazanın təkmilləşdirilməsi, tənzimləmədə şəffaflığının təmin edilməsi, eləcə də İslam maliyyə alətlərinin tətbiqi üçün insan resurslarının inkişaf etdirilməsi aiddir».
Mərəzi Bank sədri bildirib ki, artıq Azərbaycanda qanunvericiliyin islam maliyyəsinə uyğunlaşması üçün addımlar atılır: «Biz artıq İslam maliyyə alətlərinin tətbiqinə imkan yaratmaq üçün islahatları sürətləndiririk. Bura ənənəvi maliyyə ilə İslam maliyyəsi arasında neytral rəftarı təmin edən Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə edilən dəyişikliklər daxildir».
Taleh Kazımov bildirib ki, islam maliyyəsinin tətbiqi tədricən olacaq, əvvəlcə bu məhdud çərçivəni əhatə edəcək, daha sonra isə tələbata uyğun olaraq məhsullar geniş təklif olunacaq:
«Bazar iştirakçılarının hazırkı hazırlıq səviyyəsini nəzərə alaraq, biz fəaliyyətə "İslam pəncərəsi" (Islamic window) ilə başlayacağıq və daha sonra tammiqyaslı fəaliyyətə keçid barədə qərar qəbul etmək üçün tələbi izləyəcəyik», - deyə o, əlavə edib.















