Rabitəbank müştərilərinə daha əlçatan olmaq və paytaxt üzrə bank xidmətlərinə olan tələbatı daha operativ şəkildə qarşılamaq məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir.
FED.az xəbər verir ki, bank bu istiqamətdə növbəti addımını ataraq Bakı şəhəri, Nizami rayonu Babək prospekti 38A ünvanında yeni filialını istifadəyə verib.
Yeni filial sahibkarlar və fərdi müştərilər üçün universal xidmət mərkəzi kimi fəaliyyət göstərəcək. Filialda müştərilərə kredit məhsulları, kassa-hesablaşma əməliyyatları, əmanətlər, ödəniş kartları, pul köçürmələri, nağd valyuta əməliyyatları və rəqəmsal bankçılıq həlləri də daxil olmaqla bütün əsas bank xidmətləri müasir standartlara uyğun şəkildə təqdim olunacaq.
Filialın istifadəyə verilməsi ilə Rabitəbank paytaxtın sürətlə inkişaf edən ərazilərindən birində müştərilərin gündəlik maliyyə ehtiyaclarına daha çevik və rahat şəkildə cavab verməyi hədəfləyir. Müasir dizayna malik xidmət sahəsi, rahat gözləmə zonası və təkmilləşdirilmiş əməliyyat prosedurları müştəri təcrübəsinin daha da artırılmasına xidmət edir.
Açılış mərasimində Rabitəbankın və Nizami rayon İcra Hakimiyyətinin rəhbər heyəti, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bankın inkişaf strategiyasının əsas istiqamətlərinə toxunaraq bildirib: “Rabitəbank olaraq xidmət şəbəkəmizi genişləndirməkdə əsas məqsədimiz müştərilərimizə daha rahat və çevik bank xidmətləri təqdim etməkdir. Bu gün bankımız yalnız klassik xidmətlərlə kifayətlənmir, innovasiya və rəqəmsal həllər bizim əsas inkişaf xəttimizdir. Nizami rayonundakı yeni filialımız müasir standartlara uyğun infrastrukturu və rəqəmsal inteqrasiyası ilə müştəri təcrübəsini yeni səviyyəyə qaldıracaq. Hədəfimiz bankçılığı hər kəs üçün daha əlçatan və daha rahat etməkdir.”
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev isə çıxışı zamanı bildirib ki; “32 illik tarixə malik Rabitəbankın Nizami rayonunda filial açması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Rayonda iqtisadi fəaliyyətin canlanması, sahibkarlığın inkişafı və əhali üçün əlçatan maliyyə xidmətlərinin genişlənməsi baxımından bu addımı son dərəcə vacib hesab edirik.
İnanırıq ki, bu filial həm sahibkarlar, həm də sakinlər üçün yeni imkanlar açacaq, rayonumuzun biznes mühitinin daha da inkişafına dəstək olacaq. Rabitəbank kollektivini bu uğurlu addım münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.”
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.



![Rabitəbank - [red]31-Cİ FİLİALINI AÇDI[/red] | FED.az](upload/news/small/4697422.jpeg)
![Rabitəbank - [red]31-Cİ FİLİALINI AÇDI[/red] | FED.az](upload/news/small/1435240.jpeg)
![Rabitəbank - [red]31-Cİ FİLİALINI AÇDI[/red] | FED.az](upload/news/small/1030006.jpeg)
![Rabitəbank - [red]31-Cİ FİLİALINI AÇDI[/red] | FED.az](upload/news/small/4945009.jpeg)
![Rabitəbank - [red]31-Cİ FİLİALINI AÇDI[/red] | FED.az](upload/news/small/4887573.jpeg)
![Rabitəbank - [red]31-Cİ FİLİALINI AÇDI[/red] | FED.az](upload/news/small/1191181.jpeg)







