Azərbaycanın bank sektorunun ən fəal üzvlərindən olan «Yelo Bank» 2024-cü ilin III rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü III bankın gəlirləri və mənfəəti kəskin artıb, bankdakı kredit portfeli sürətlə böyüyüb.
Bankın gəlirləri rekord həddə çatıb
Hesaabat dövründə bankın faiz gəlirləri 112,9 milyon manata bərabər olub. Bu ötən ilin III rübü ilə müqayisədə 31,9 milyon manat və ya 39% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 98 milyon manatı müştərilərə verilmiş krediltərdən əldə olunub ki, bu da illik 20 milyon manata yaxın və ya 26% artıqdır.
Faiz xərcləri isə 8,3 milyon manat və ya 27% artaraq 39,3 milyon manat təşkil edib.
Faiz xərcinin də böyük hissəsini - 35,8 milyon manatını depozitlər üzrə faiz xərcıləri təşkil edib ki, bu da illik müqayisədə 8,8 milyon manat və ya 33% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 70,7 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 22,1 milyon manat və ya 46% çoxdur.
Qeyri-faiz gəlirləri 3 dəfədən çox artıb
Hesabat dövründə "Yelo Bank"ın qeyri-faiz gəlirləri 24,4 milyon manat, xərcləri isə 64,6 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 17,2 milyon manat (3,4 dəfə), xərcləri isə 12,1 milyon manat (23%) artıb.
Qeyri faiz gəlirlərinin 13,4 milyon manatı alınan-haqq və komissiya gəlirlərinin, 9,4 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 1,5 milyon manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 7,3 milyon manat (2,2 dəfə), digər gəlirlər isə 260,3 min manat (21%) artıb
Əmək haqqı xərcləri 36 milyon manatı ötüb
Əmək haqqı xərcləri 9,4 milyon manat (35%) artaraq 36,5 milyon manata yüksəlib.
Bundan başqa digər xərclər isə 3,1 milyon manat (19%) artıb.
Xalis əməliyyat mənfəətində isə 27,2 milyon manat başqa sözlə, 9,2 dəfə artım baş verib.
Xalis mənfəətdə artım
Bank III rübü 35,1 milyon manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin III rübü ilə müqayisədə 21,3 milyon manat, başqa sözlə 2,5 dəfə artım deməkdir.
Bu rübdə mənfəət vergisi ödəməyib.
Aktivləri 1,2 milyard manata çatır
"Yelo Bank" bu ilin III rübündə 1 milyard 177 milyon manat aktivlərə malik olub. Aktivlərin 182,4 milyon manatını nağd pul vəsaitləri, 5,3 milyon manatını qiymətli kağızlara yatırımlar təşkil edib.
Kredit portfeli böyüyür
Hesabat dövründə "Yelo Bank" 897,8 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 133,6 milyon manat (17%) böyüyüb.
Onun da 259,4 milyon manatını istehlak, 556,8 milyon manatını biznes kreditləri, 81,7 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 51,8 milyon manat (25%), biznes kreditləri 73,6 milyon manat (15%), ipoetka kreditləri 8,1 milyon manat (11%) böyüyüb.
Ümumi kredit portfelinin 18,7 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 879,2 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 131,2 milyon manat, başqa sözlə 18% artım deməkdir.
Öhdəliklər 1 milyard manatı keçib
Bankın öhdəlikləri 1milyard 42 milyon manata bərabər olub.
Depozit portfelinin həcmi 841,5 milyon manat olub ki, onun da 637,5 milyon manatı fiziki, 204,5 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Balans kapitalı 35,9 milyon manat və ya 36% artaraq 135 milyon manata yaxınlaşıb.