"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ilin 4-cü rübünə olan maliyyə nəticələrini açıqlayıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Gəlirləri artır...
"Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 2024-cü ilin 12 ayında 46,4 milyon manat təşkil edib. Bu illik müqayisə ilə 10,9 milyon manat və ya 31% artıb).
Faiz gəlirlərinin böyük hissəsi, yəni 32,3 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 6,3 milyon manat və ya 24% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 6 milyon manata bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,61 milyon manat (12%) artım deməkdir.
Faiz xərcləri 4,2 milyon manat (2,7 dəfə) artaraq 6,6 milyon manata yüksəlib.
Faiz xərcinin də böyük hissəsini - 5,4 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 3,8 milyon manat və ya 3,4 dəfə çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 39,8 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 6,7 milyon manat və ya 20,2% çoxdur.
Bankın qeyri-faiz gəlirləri isə 2,5 milyon manat və ya 11% artaraq 25,6 milyon manata yüksəlib.
Qeyri faiz gəlirlərinin 18,6 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 6,7 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 3,2 milyon manat (21%), xarici valyutadan gəlirlər 0,4 milyon manat (6%) artıb.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri 45,7 milyon manata bərabər olub. Bu da ötən ilin III rübü ilə müqayisədə 5,2 milyon manat, başqa sözlə 13% çoxdur.
Əmək haqqı xərcləri 1,1 milyon manat (8%) artaraq 16 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 9,1 milyon manat bərabər olub ki, bu da son bir il ərzində 1,6 milyon manat və ya 21% artım baş verib.
Amortizasiya xərcləri 3,8 milyon manata bərabər olub, digər xərcləri isə 3,1 milyon manat (22%) artaraq 17 milyon manata yüksəlib.
Hesabata əsasən bank bu rübü 12,4 milyon manat xalis mənfəət ilə başa vurub. Bu da 2023-cü ilin sonuna olan vəziyyətlə müqayisədə 373 min manat (3,1%) artıb.
Bank bu dövrdə 3,9 milyon manat mənfəət vergisi ödəyib.
Bank böyüyür
"Yapı Kredi Bank Azərbaycan" bu ilin IV rübünə olan məlumata görə 730,4 milyon manat aktivlərə malik olub. Ötən ilin sonu ilə müqayisədə aktivlər 215,5 milyon manat (42%), böyüyüb.
Aktivlərin 309,4 milyon manatı nağd pul vəsaitləri təşkil edib ki, bu da illik müqayisədə 199,2 milyon manat (2,8 dəfə) çoxdur.
Kredit portfeli genişlənir
Hesabat dövründə "Yapı Kredi Bank Azərbaycan" 317,6 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 26,4 milyon manat (9%) böyüyüb.
Onun da 81,9 milyon manatını istehlak, 187,8 milyon manatını biznes kreditləri, 47,9 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 13,9 milyon manat (20%), ipoteka kreditləri 1. milyon manat (37%) böyüyüb.
Müştərilərin bankdakı əmanətlərinin artımı davam edir...
Bankın öhdəlikləri bu dövrdə 620,4 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 203,5 milyon manat, başqa sözlə 49% çoxdur.
Depozit portfelinin həcmi 534,7 milyon manat olub ki, onun da 106,8 milyon manatı fiziki, 428 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 168 milyon manat (46%), əhalinin depozitlərində isə 16,9 milyon manat (19%), şirkətlərin əmanətlərində 151,3 milyon manat (55%) artım baş verib.
Balans kapitalı 12 milyon manat və ya 12% artaraq 109,9 milyon manata yaxınlaşıb.
Bank ötən ilin sonu ilə müqayisədə bölüşdürülüməmiş mənfəətini 12,4 milyon manat (33%) artıraraq 49,6 milyon manata çatdırıb.