"Bank Respublika" bu ilin II rübünün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, "Bank Respublika" 2024-cü ilin ikinci rübünü 26 milyon 264 min manat xalis mənfəətlə başa vurub.
Bu 2023-ci ilin eyni dövrü ilə müqayisədə 8 milyon 676 min manat (49 %) çoxdur.
Hesabat dövründə bank 6 milyon 229 min manat mənfəət vergisi ödəyib. Mənfəət vergisi ödəmələri də 2 milyon 63 min manat (50%) artıb.
GƏLİR VƏ XƏRCLƏRDƏ MÜSBƏT DİNAMİKA
Hesabat dövründə bankın faiz gəlirləri 111 milyon 758 min manat olub ki, bunun da 93 milyon 806 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb.
Faiz gəlirləri son bir ildə 23 milyon 359 min manat (26%) , kreditlərən əldə edilən gəlirlər hesabına formalaşan faiz gəlirləri isə 16 milyon 474 min manat (21%) artıb.
Faiz xərcləri 5 milyon 870 min manat (17%) artaraq 40 milyon 880 min manata yüksəlib.
Beləliklə, xalis faiz gəlirləri 70 milyon 878 min manat olub ki, bu da illik müqayisədə 17 milyon 789 min manat və ya 33% çoxdur.
Qeyri-faiz gəlirləri 17 milyon 780 min manat, xərcləri isə 54 milyon 942 min manat olub. Xərclər 5 milyon 110 min manat (10%) artıb.
Hesabat dövründə əmək haqqı xərcləri 29 milyon 313 min manat, ümumi və inzibati xərclər 14 milyon 363 min manat, amortizasiya xərcləri 2 milyon 29 min manat, digər xərclər isə 9 milyon 237 min manat olub. Əvvəlki illə müqayisədə əmək haqqı xərcləri 3 milyon 142 min manat (12%), ümumi və inzibati xərclər 354 min manat (3%), amortizasiya 465 min manat (30 ), digər xərcləri isə 1 milyon 149 min manat (14%) artıb.
KREDİT PORTFELİ BÖYÜYÜB
"Bank Respublika" 2024-cü ilin II rübündə 2 milyard 225 milyon 424 min manat akitvlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 94 milyon 448 min manat (4%) artıb.
Bunun da 682 milyon 202 min manatını nağd pul vəsaitləri təşkil edib. Bu 6 ay ərzində 25 milyon 948 min manat (4%) artıb.
Bankın kredit portfelində də artım müşahidə olunub. Belə ki, ümumi kredit portfeli 1 milyard 242 milyon 426 min manat təşkil edib. Kredit portfeli ötən ilin sonu ilə müqayisədə 68 milyon 196 min manat (6%) böyüyüb.
Kredit portfelinin 274 milyon 766 min manatını istehlak, 835 milyon 510 min manatını biznes, 131 milyon 911 min manatını ipoteka, 239 min manatını digər kreditlər təşkil edib.
Əvvəlki illə müqayisədə istehlak kreditləri 24 milyon 22 min manat (10%), biznes kreditləri 34 milyon 130 min manat (4%), ipoteka kreditləri 10 milyon 45 min manat (8%) artıb.
ƏHALİNİN ƏMANƏTLƏRİNDƏ YENƏ ARTIM VAR
"Bank Respublika"nın öhdəlikləri 2 milyard 53 milyon 621 min manata, depzoit portfeli isə 1 milyard 486 milyon 976 min manat təşkil edib.
Depozit portfelinin 683 milyon 632 min manatını fiziki, 803 milyon 444 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib.
İllik müqayisədə öhdəliklər 78 milyon 404 min manat (4%), cəmi depozitlər 43 milyon 185 min manat (3%), fiziki şəxslərin əmanətləri 23 milyon 27 min manat (3%), 20 milyon 158 min manat (3%) böyüyüb.
KAPİTALDA ARTIM DİNAMİKASI
Bankın balans kapitalı 16 milyon 44 min manat (10%) artaraq 171 milyon 803min manata manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi 74 milyon 396 min manat təşkil edib ki, bu da illik müqayisədə 15 milyon 849 min manat (27%) çoxdur.