Bu ilin III rübünün sonuna olan məlumata görə “Bank Respublika”nın faiz gəlirləri 217 milyon 737 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45 milyon 119 min manat və ya 26,1% artım deməkdir.
Faiz gəlirlərinin əsas hissəsini – 190 milyon 320 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45 milyon 191 min manat və ya 31,1% artıb.
Hesabat dövründə bankın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2 milyon 446 min manat və ya 2,1 dəfə artaraq 4 milyon 659 min manata çatıb. Banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri də 1 milyon 590 min manat və ya 2,5 dəfə artaraq 2 milyon 659 min manat olub. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri isə 5 milyon 274 min manat (51,1%) artaraq 15 milyon 584 min manata yüksəlib.
Bununla yanaşı, bankın digər faiz gəlirləri 4 milyon 515 min manata bərabər olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə “Bank Respublika”nın faiz gəlirləri 172 milyon 619 min manat təşkil etmişdi.














