"Bank Respublika" ötən ilin son rübünün maliyyə nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, "Bank Respublika" 2023-cü ili 40 milyon 253 min manat xalis mənfəətlə başa vurub.
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 milyon 601 min manat (51%) çoxdur. Hesabat dövründə bank 12 milyon 245 min manat mənfəət vergisi ödəyib.
GƏLİR VƏ XƏRCLƏRDƏ MÜSBƏT DİNAMİKA
Hesabat dövründə bankın faiz gəlirləri 189 milyon 746 min manat olub ki, bunun da 164 milyon 275 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb.
Faiz gəlirləri son bir ildə 51 milyon 157 min manat (37%) , kreditlərən əldə edilən gəlirlər hesabına formalaşan faiz gəlirləri isə 34 milyon 759 min manat (27%) artıb.
Faiz xərcləri də 18 milyon 913 min manat (35%) artaraq 72 milyon 710 min manata yüksəlib.
Beləliklə, xalis faiz gəlirləri 117 milyon 36 min manat olub ki, bu da illik müqayisədə 32 milyon 244 min manat və ya 38% çoxdur.
Qeyri-faiz gəlirləri 40 milyon 856 min manat, xərcləri isə 105 milyon 647 min manat olub. Gəlirlər 1 milyon 621 min manat (4%), xərcləri isə 14 milyon 902 min manat (16%) artıb.
Hesabat dövründə əmək haqqı xərcləri 55 milyon 303 min manat, ümumi və inzibati xərclər 29 milyon 47 min manat, amortizasiya xərcləri 3 milyon 231 min manat, digər xərclər isə 18 milyon 66 min manat olub. Əvvəlki illə müqayisədə əmək haqqı xərcləri 5 milyon 46 min manat (10%), ümumi və inzibati xərclər 5 milyon 807 min manat (25%), amortizasiya 332 min manat (11%), digər xərcləri isə 3 milyon 716 min manat (26%) artıb.
BANK DAHA DA BÖYÜYÜB, AKİTVLƏRİ VƏ KREDİT PORTFELİ ARTIB
"Bank Respublika" 2023-cü ilin sonunda 2 milyard 130 milyon 976 min manat akitvlərə malik olub. Akitvlər son bir ildə 546 milyon 119 min manat (34%) artıb.
Bankın kredit portfelində də artım müşahidə olunub. Belə ki, ümumi kredit portfeli 1 milyard 174 milyon 229 min manat təşkil edib. Kredit portfeli son bir ildə 211 milyon 668 min manat (22%) böyüyüb.
Kredit portfelinin 250 milyon 744 min manatını istehlak, 801 milyon 381 min manatını biznes, 121 milyon 865 min manatını ipoteka, 239 min manatını digər kreditlər təşkil edib.
Əvvəlki illə müqayisədə istehlak kreditləri 23 milyon 143 min manat (10%), biznes kreditləri 143 milyon 265 min manat (22%), ipoteka kreditləri 42 milyon 261 min manat (59%) artıb.
ƏMANƏTLƏRDƏ YENƏ ARTIM VAR
"Bank Respublika"nın öhdəlikləri 508 milyon 811 min manat (35%) artaraq 1 milyard 975 milyon 217 min manata, depzoit portfeli isə 477 milyon 898 min manat (49%) artaraq 1 milyard 443 milyon 791 min manata yüksəlib.
Depozit portfelinin 660 milyon 605 min manatını fiziki, 783 milyon 186 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib. Fiziki şəxslərin əmanətləri 101 milyon 642 min manat (18%), hüquqi şəxslərin əmanətləri isə 376 milyon 256 min manat (92%) böyüyüb.
KAPİTALDA ARTIM DİNAMİKASI
Bankın balans kapitalı 37 milyon 708 min manat (31%) artaraq 155 milyon 759 min manata, səhmdar kapitalı 500 min manat 73 milyon 961 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi 58 milyon 547 min manat təşkil edib ki, bu da illik müqayisədə 34 milyon 256 min manat (2,4 dəfə) çoxdur.